Bugünkü məqaləmizdə Türkiyə müdafiə sənayesinin qürur verici layihəsi olan KAAN-la bağlı son yenilikləri diqqətinizə çatdıracağıq. İlk uçuşu ilə bütün dünyanı heyran qoyan bu beşinci nəsil qırıcı təyyarənin yeni prototipləri artıq nümayiş etdirildi.
Bugünkü buraxılışımızda Sertaç Aksanın "TRT Haber" telekanalı üçün qələmə aldığı geniş icmalı sizinlə bölüşəcəyik.
Türkiyə müdafiə sənayesinin “Göy Vətən”dəki baş rol ifaçısı KAAN yeni ilə sürətlə başladı. Ötən il səma ilə qovuşan ilk prototipdən fərqli olaraq, artıq daha iki platforma hazır vəziyyətə gətirilib. Bu platformalardan biri "P1" adlandırılan prototipdir. Layihə çərçivəsindəki əsas uçuş sınaqları məhz bu təyyarə ilə həyata keçiriləcək.
İlk dəfə gördüyümüz digər platforma isə aviasiya sahəsində "Iron Bird", yəni "Dəmir Quş" kimi tanınan təyyarədir. Bu, əslində təyyarənin uçuş idarəetmə sistemi başda olmaqla, bütün kritik sistemlərinin və alt komponentlərinin sınaqdan keçirildiyi bir platformadır.
Daha dəqiq desək, TUSAŞ-ın əlindəki iki KAAN prototipi bu ildən etibarən fürsət tapdıqca uçuşlar reallaşdıracaq. "Dəmir Quş" adlandırılan platformada isə yerdəki bütün kritik sınaqlar aparılacaq.
Bəs KAAN platformalarında nə kimi dəyişikliklər var?
Əlbəttə, bu suala cavab verərkən əldəki məhdud imkanlarla hərəkət etdiyimizi vurğulamaq lazımdır. Çünki biz videolarda gördüyümüz bəzi məqamlar əsasında dəyişikliklər barədə təxminlər yürüdürük. Çox aydın və sabit fotoşəkillər olmadan, yaxud platformanı ətraflı görə biləcəyimiz bir video izləmədən bütün dəyişiklikləri dəqiq sadalamaq demək olar ki, qeyri-mümkündür.
KAAN-ın dərhal arxasında yer alan iki platformaya baxdıqda diqqətimizi çəkən ilk məqam təyyarənin dizayn olaraq daha yığcam formaya sahib olmasıdır. Təyyarənin ölçülərinin bir qədər balacalaşdırıldığını görmək mümkündür.
Təbii ki, hamımızın maraqla izlədiyi hissələrdən biri də qırıcının burun hissəsidir. KAAN-ın yeni prototiplərində burun daha yoğun görünür. Burada ASELSAN-ın istehsalı olan MURAD AESA radarına uyğun olaraq müəyyən təkmilləşdirmələrin aparıldığını demək yerində olardı. Dəyişikliyin səbəbi məhz yeni radarın əlavə edilməsidir.
Yeri gəlmişkən, təyyarənin qübbə hissəsinə də toxunmaq lazımdır. Çünki burada da müəyyən dəyişiklik müşahidə olunur. Bu hissənin xüsusi quruluşa malik olduğunu və xüsusilə düşmən radar siqnallarının KAAN-a təsir etməsinə imkan verməyəcək şəkildə təchiz edildiyini qeyd edək.
Yeni istehsal olunan təyyarələri araşdırmağa davam etdikdə, havaqəbuledicilərin həm yerinin, həm də ölçüsünün dəyişdiyi də nəzərə çarpır. İlk modellə müqayisədə pilot kabinəsinin səviyyəsinə daha yaxın bir havaqəbuledici görürük.
Bundan əlavə həm qabaq, həm orta, həm də arxa qanad səviyyəsində fərqli kiçik panellər müşahidə olunur. Gövdə ətrafında bir neçə yerdə yerləşdirilmiş antenlərin olduğu ehtimal edilir.
Çünki KAAN-da kənara çıxan heç bir anten görülmür. Təkcə gövdəyə inteqrasiya edilmiş antenlər mövcuddur. Bu isə təyyarənin həm aerodinamik quruluşunu qoruyur, həm də "radara düşməmək" xüsusiyyətinə ciddi fayda verir.
EOTS və İRST üçün yerlər artıq hazırdır
ASELSAN imzalı "TOYGUN" Elektro-Optik Hedefləmə Sistemi və İnfraqırmızı Axtarış-İzləmə Sistemi üçün nəzərdə tutulan avadanlıq yeni prototipdə aydın şəkildə görünür. Bu sistemlər KAAN-ın öz yerini bəlli etmədən, çox uzaqdakı düşmən hədəflərini asanlıqla tapa bilməsini təmin edir.
KAAN ilk uçuşunu həyata keçirəndə təyyarə hamımıza son dərəcə böyük və əzəmətli görünmüşdü. Lakin sonradan bu ölçülərinə baxmayaraq, daşıdığı xüsusi sistemlərin onu düşmən radarında bir arı qədər kiçik göstərdiyini öyrənmişdik.
Ötən müddət ərzində KAAN-ın yeni prototiplərində bəzi struktur dəyişiklikləri ön plana çıxır. Belə ki, yeni model bir qədər də kiçilib və daha yığcam quruluşa sahib olub. Kanopi (şüşə örtük) tək parça halına gətirilib və bəllidir ki, süpersonik sürətlərdə hava müqavimətinin azaldılması hədəflənib.
KAAN-ın yeni prototipində arxa eniş qurğularının daha da genişləndiyi və yanlara doğru açıldığı görünür. Bundan əlavə, tam arxada yerləşən iki mühərrik arasındakı məsafə də ilk prototiplə müqayisədə genişləndirilib.
KAAN-ın kokpitində TULGAR sisteminə yer verilib
Gözlərdən qaçmayan detallardan biri də pilot kabinəsinin daxilindədir. ASELSAN-ın istehsalı olan "TULGAR" bəzi fotoşəkillərdə özünü göstərir. Məlum olduğu kimi, bu sistem pilotun ehtiyacı olan bütün kritik uçuş və tapşırıq məlumatlarını kaskın içindəki vizora əks etdirir.
KAAN-ın ötən il uçuşuna şahid olduğumuz ilk prototipinin iyun ayına qədər daha bir uçuş reallaşdıracağı gözlənilir. Yeni istehsal olunan ikinci platformanın isə bu il ərzində və ya ən geci gələn ilin ilk aylarında “Göy Vətən”lə qovuşması hədəflənir.
Bəhs etdiyimiz bu iki platforma hava sınaqlarını davam etdirərkən, "Dəmir Quş" olaraq adlandırılan üçüncü platforma isə yerdəki çox çətin sınaqlardan keçəcək.
Yekun olaraq isə əgər planlamada bir dəyişiklik olmazsa, 2029-cu ildə KAAN-ın ilk istehsal seriyasının arsenala daxil edilməsi gözlənilir. 2032-ci ildə isə KAAN-ın yerli mühərriklə təmin olunması prosesinin tamamlanması hədəflənir.
Milli döyüş təyyarəmiz, Türkiyə müdafiə sənayesinin göz bəbəyi olan KAAN-ın inkişafını yaxından izləməyə davam edəcəyik.






















