Şərhlər
ŞƏRHLƏR
4 dəqiqə oxuma
Kaya Kallas: "Türkiyə NATO ilə bölgənin təhlükəsizliyi və sabitliyi üçün həlledici rol oynayır"
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas NATO sammitindən əvvəl Ankarada görüşlər keçirəcək
Kaya Kallas: "Türkiyə NATO ilə bölgənin təhlükəsizliyi və sabitliyi üçün həlledici rol oynayır"
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas / AA

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas yaxınlaşan sammit ərəfəsində NATO-da birlik, daha güclü müdafiə əməkdaşlığı və Türkiyə ilə daha yaxın əlaqə qurmağa çağırıb.

Aİ nümayəndəsi Kaya Kallas müdafiə ittifaqının ciddi sınaqlarla üz-üzə qaldığı bu dövrdə Ankaradakı NATO sammitinin kritik əhəmiyyətə malik olduğunu və müttəfiqlər arasındakı birliyin hər zamankından daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.

29-30 iyun tarixlərində Türkiyəyə reallaşdıracağı səfər ərəfəsində iyunun 29-da “Anadolu” agentliyinə (AA) xüsusi müsahibə verən Kallas deyib: "Əlbəttə hər sammit ərəfəsində bunun tarixi bir görüş olduğu deyilir; lakin bu bir həqiqətdir ki, sizin də qeyd etdiyiniz kimi transatlantik əlaqələrin ciddi təzyiq altında olduğu bu dövrdə birlik və bərabərlik nümayiş etdirmək təkcə alyans üçün deyil, eyni zamanda rəqiblərimiz üçün də son dərəcə vacibdir".

Türkiyənin bir sıra geosiyasi məsələlərdəki mərkəzi rolu səbəbindən səfəri çərçivəsində genişlənmə və miqrasiya üzrə Aİ komissarlarının da onu müşayiət edəcəyini bildirən Kallas NATO-nun gündəmindəki əsas başlıqlar arasında müdafiə istehsalının artırılması, çəkindirmə potensialının gücləndirilməsi və "Ukrayna üçün daha nələr edilə biləcəyinin" yer aldığını qeyd edib.

Müştərək ordu müzakirələrinə rədd cavabı

Ayrıca bir Avropa ordusunun yaradılması ilə bağlı təklifləri rədd edən Kallas Aİ üzvlərinin onsuz da NATO-nun daha geniş müdafiə strukturunun bir hissəsi olan milli ordulara sahib olduğunu xatırladıb.

Kallas "Hər bir Aİ üzvü olan dövlətin, daha sonra Avropa liderliyinə tabe olacaq başqa bir ordu qurması qeyri-mümkündür. Təhlükələr regionaldır, ona görə də veriləcək cavab da regional olmalıdır" deyərək müdafiə investisiyalarının artırılması və Avropa ölkələri arasında daha yaxın koordinasiyanın təmin edilməsi çağırışını edib.

Aİ və NATO-nun fəaliyyət təkrarlanmasının qarşısını almaq məqsədilə yaxın təmasda olduğunu bildirən Kallas alyans daxilindəki "Avropa sütununu" gücləndirməyə diqqət yetirdiklərini söyləyib. Kallasın sözlərinə görə, bəzi hərbi potensialların tək bir ölkə tərəfindən təkbaşına əldə edilməsinin çox baha başa gəlməsi səbəbindən, üzv ölkələr ortaq tədarük proqramlarına istiqamətləndirilir.

Ukraynadakı müharibədən, xüsusilə dron (PUA) müdafiəsi və yeni yaranan hərbi texnologiyalar kimi sahələrdə mühüm dərslər çıxarıldığına diqqət çəkən Kallas "Potensial, xüsusilə də dron müdafiəsi kimi yeni qabiliyyətlər gündəmdə olduqda Ukraynadan öyrənəcəyimiz çox şey var" deyib.

"Türkiyə sülhün yaranmasında qabaqcıl rola malikdir"

Türkiyəni "NATO-nun ikinci ən böyük ordusu" kimi xarakterizə edən Kallas ölkənin "çox güclü bir müdafiə sənayesinə" sahib olduğunu vurğulayıb. Türkiyənin Avropa təhlükəsizliyi və regional sabitliyində "çox, amma çox qabaqcıl bir rolu" olduğunu əlavə edib. Qafqazdakı proseslərə və ümumi təhlükəsizlik mühitinə toxunan Kallas "Türkiyə ilə bu müzakirələri mütləq aparmalıyıq" deyib.

Eyni zamanda Kıbrıs (Kipr) məsələsinin Ankara ilə Brüssel arasındakı münasibətlərdə mühüm bir mövzu kimi qaldığını qeyd edən Kallas BMT Baş Katibi Antonio Quterreşin tərəflər arasında dialoqu təşviq etməyə yönəlmiş səylərini dəstəklədiyini bildirərək, "Sülhsevər bir həll yolunun tapılmasının bir çox düyünü açacağını düşünürəm" deyib.

Miqrasiya, regional sabitlik və təhlükəsizlik sahələrindəki əməkdaşlığa diqqət çəkən Kallas "Türkiyə strateji əhəmiyyətə malik bir tərəfdaşdır" ifadəsini işlədib. Türkiyənin Yaxın Şərq və Qafqazda da mühüm rol oynadığını, regional bağlılıq və daha genişmiqyaslı regional məsələlərdə əvəzedilməz bir tərəfdaş olduğunu bildirərək, "Yaxın Şərqdə baş verənləri düşündüyümüzdə Türkiyənin orada da bir rolu var" deyib və bu səfərin "birlikdə nələr edə biləcəyimizi" kəşf etməyi hədəflədiyini sözlərinə əlavə edib.

"Qeyri-qanuni israilli məskunlaşanlar iki dövlətli həlli çətinləşdirir"

Yaxın Şərq mövzusuna da toxunan Kallas Avropanın həm fələstinlilərin, həm də iki dövlətli həll variantının güclü bir tərəfdaşı olmağa davam etdiyini ifadə edib. Kallas "Gördüyümüz qədərilə, zorakılığa meylli məskunlaşanlar və qeyri-qanuni yaşayış məntəqələri əslində iki dövlətli həlli qeyri-mümkün edir" deyib. Aİ-nin bu məqamları İsrail rəhbərliyi ilə daim paylaşdığını və fikir ayrılıqlarına baxmayaraq dialoqu müdafiə etməyə davam etdiyini bildirib.

Kallas beynəlxalq mühitin getdikcə mürəkkəbləşdiyini və bunun müttəfiqlər arasında yaxın əməkdaşlığı məcburi etdiyini, bu vəziyyətin Türkiyə kimi ölkələrlə təması hər zamankından daha vacib hala gətirdiyini qeyd edib. Bölgədəki sabitliyin Aİ ilə Türkiyə arasında daimi dialoqun zəruri olmasının əsas səbəblərindən biri olduğunu söyləyən Kallas İsrailin addımlarının və məskunlaşma fəaliyyətlərinin iki dövlətli həllə nail olmağı getdikcə çətinləşdirdiyini xüsusilə qeyd edərək Türkiyənin regional təhlükəsizlik, miqrasiya və müdafiə əməkdaşlığındakı strateji önəmini vurğulayıb.