İDMAN
2 dəqiqə oxuma
“Manchester City” klubu ciddi maliyyə pozuntularında təqsirli bilindi
Klub gəlirlərini süni şəkildə artırmaq və xərclərini 1,2 milyard dollardan çox azaltmaqda təqsirləndirilir
“Manchester City” klubu ciddi maliyyə pozuntularında təqsirli bilindi
“Manchester City” klubu ciddi maliyyə pozuntularında təqsirli bilindi / Reuters

İngiltərə Premyer Liqasının aparıcı klublarından biri və 2023-cü il UEFA Çempionlar Liqasının qalibi olan "Manchester City" Premyer Liqanın maliyyə qaydalarını doqquz mövsüm ərzində ciddi şəkildə pozmaqda təqsirli bilinib. Klub bu analoqu olmayan qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Müstəqil komissiya sentyabrın 29-da "Manchester City"nin 2009-2010 və 2017-2018-ci il mövsümləri arasında bir sıra qayda pozuntularına yol verdiyi barədə qərar çıxarıb. Bu pozuntulara kommersiya tərəfdaşları ilə "saxta" müqavilələr bağlamaq, hesabatları təhrif etmək və maliyyə hesabatının həqiqi miqyasını auditorlardan, eləcə də futbol qurumlarından gizlətmək daxildir.

Komissiya bildirib ki, sözügedən mexanizmlər klubun qazancını süni şəkildə artırıb. Eyni zamanda xərcləri 1,2 milyard dollardan çox azaldaraq "Manchester City"nin maliyyə qaydalarına əməl etdiyi təəssüratını yaradıb. Yekun qərara əsasən, bu əməllər olmasaydı, klub Premyer Liqanın və UEFA-nın xərcləmə limitlərini əhəmiyyətli dərəcədə aşmış olacaqdı.

"Manchester City" həmçinin Premyer Liqanın apardığı təhqiqatla əməkdaşlıq etmək öhdəliyini pozmaqda da təqsirli bilinib. Bu çərçivədə təqdim olunan dörd ittihamdan üçü təsdiqini tapıb. Komissiya klubun təhqiqata mane olmaq cəhdləri etdiyini diqqətə çatdırıb.

Premyer Liqanın İcraçı direktoru Riçard Masters bu işi liqanın tarixindəki ən mühüm qayda pozuntusu prosesi kimi qiymətləndirib. O bildirib ki, əldə olunan nəticələr klubun təxminən on il ərzində qaydaları sistematik şəkildə pozduğunu göstərir.

Kluba veriləcək cəza hələlik müəyyən edilməyib. Sanksiyalar ayrı bir məhkəmə iclasında nəzərdən keçiriləcək. Premyer Liqanın qaydaları pul cəriməsi, xalların silinməsi və digər sanksiyaların tətbiqinə imkan verir.

"Manchester City" isə qərardan "məyus olduğunu və təəccübləndiyini" bildirərək ittihamları qəbul etməyib. Klub qərarda hüquq, prinsip və faktlar baxımından "açıq və əsaslı xətaların" olduğunu iddia edib.

Klub mövcud hüquqi etiraz yollarına müraciət edəcəyini bildirib.

Qeyd edək ki, "Manchester City"nin çıxarılan qərara rəsmi şəkildə etiraz etmək üçün 2 oktyabr tarixinədək vaxtı var.

MƏNBƏ:TRT