TÜRKİYƏ
3 dəqiqə oxuma
STRATCOM 2026 Zirvəsi İstanbulda start götürdü
38 ölkədən liderlər beynəlxalq nizamı yenidən formalaşdıran geosiyasi böhranlarla mübarizə məqsədilə İstanbulda bir araya gəlir
STRATCOM 2026 Zirvəsi İstanbulda start götürdü
STRATCOM 2026 Zirvəsi İstanbulda start götürdü / AA
7 saat əvvəl

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil olunan Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi 2026 (Stratcom Summit  26) martın 27-də (bu gün) İstanbulda start götürüb. Zirvə Yaxın Şərqdə davam edən müharibə və beynəlxalq sistemin üzləşdiyi müxtəlif çağırışları müzakirə etmək üçün 38 ölkədən çoxsaylı yüksək vəzifəli rəsmiləri bir araya gətirib.

27–28 mart tarixlərində keçirilən zirvədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak edib. Tədbirdə 10 ölkədən 11 nazir, həmçinin 60-dan çox yüksək vəzifəli şəxs təmsil olunur.

“Beynəlxalq sistemdə qopma: böhranlar, narrativlər və nizam axtarışı” mövzusu ətrafında keçirilən zirvə qlobal sistemdəki struktur pozuntularını, dezinformasiya, yaranan böhranları və beynəlxalq sabitliyin bərpasına yönəlmiş regional yanaşmaları əhatə edəcək.

 

“İnsanlığın sülhə ehtiyacı var və sülh ədalət tələb edir”

Zirvənin açılışında çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz artan qlobal qeyri-sabitlik, müharibələr və dezinformasiyanın beynəlxalq siyasəti yenidən formalaşdırdığını bildirib və idarəetmədə strateji kommunikasiyanın əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra formalaşan nizam dəyişən güc balansları fonunda getdikcə daha çox təzyiq altındadır. Səhiyyə, təhlükəsizlik, iqtisadiyyat, iqlim və miqrasiya sahələrində baş verən böhranların artıq istisna deyil, siyasi gündəmin daimi tərkib hissəsinə çevrildiyini bildirib.

C.Yılmaz ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları humanitar və iqtisadi nəticələrinə görə regional və qlobal sabitlik üçün ciddi təhdid kimi qiymətləndirib. O, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə təcili atəşkəsin təmin olunması üçün diplomatik təşəbbüslər göstərdiyini vurğulayıb.

Vitse-prezidenti həmçinin İsrailin Qəzza, işğal altındakı İordan çayının qərb sahili, Livan və Suriyadakı hərəkətlərini, eləcə də işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə tətbiq olunan məhdudiyyətləri tənqid edərək beynəlxalq hüquq pozuntularına qarşı daha güclü beynəlxalq mövqe sərgilənməsinə çağırıb.

Müasir münaqişələrin getdikcə daha çox dezinformasiya və süni intellekt tərəfindən yaradılan məzmunlarla formalaşdığını qeyd edən C.Yılmaz informasiya müharibəsi və mediaya məhdud çıxışın etibarlı məlumat əldə etməyi çətinləşdirdiyini bildirib.

Türkiyənin diplomatik roluna toxunan C.Yılmaz Rusiyadan Ukraynaya, Afrikaya qədər uzanan vasitəçilik təşəbbüslərinə diqqət çəkərək rəsmi Ankaranın həm Şərq, həm də Qərblə eyni vaxtda dialoq qura bilən nadir ölkələrdən biri olduğunu qeyd edib.

C.Yılmaz çıxışında deyib: “Dünya beşdən böyükdür. İnsanlığın sülhə ehtiyacı var və sülh ədalət tələb edir. Biz həm ədalətli, həm də güclü olmağı hədəfləyirik.”

 

“Təhdidlər artıq güllə ilə deyil, manipulyasiya ilə yayılır”

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətli Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran da açılış çıxışında zirvənin artıq “beynəlxalq brendə” çevrildiyini və artan maraq doğurduğunu bildirib.

O qeyd edib ki, zirvə çərçivəsində keçiriləcək panellərdə strateji kommunikasiya sahəsində aktual məsələlər qlobal gündəmlə birlikdə müzakirə olunacaq və geniş fikir mübadiləsi aparılacaq.

B.Duran bildirib ki, zirvə “Beynəlxalq sistemdə qırılma: böhranlar, narrativlər və nizam axtarışı” mövzusu haqqında keçirilir və bu mövzu müasir qlobal mühitin mürəkkəb və dalğalı xarakterini əks etdirir.

“Yaşadığımız dövrdə strateji kommunikasiya, münaqişə sahələri və böhranları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil”, — deyən B.Duran əlavə edib ki, informasiya artıq sadəcə məlumat deyil, birbaşa güc elementi və rəqabət sahəsinə çevrilib.

B.Duran çıxışında vurğulayıb: “Bu gün təhdidlər artıq tanklarla deyil, yeni tendensiyalarla meydana çıxır və güllə ilə deyil, manipulyasiya ilə irəliləyir. Bu səbəbdən yeni təhlükəsizlik arxitekturasında həqiqətin qorunması fiziki sərhədlərin qorunması qədər vacib məsuliyyətdir.”

MƏNBƏ:TRT