DÜNYA
2 dəqiqə oxuma
Rusiyanın Ukraynanın Xarkov şəhərində törətdiyi hücumlarda dörd nəfər ölüb
Hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibəni bitirməyə yönəlmiş səylərin müzakirə olunduğu London görüşlərindən qayıtdığı vaxtda baş verib
Rusiyanın Ukraynanın Xarkov şəhərində törətdiyi hücumlarda dörd nəfər ölüb
Ukraynanın Xarkov şəhəri / Reuters

Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov Rusiyanın bölgədə törətdiyi hücumlarda dörd nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.

Oleq Sinequbov “Telegram”da verdiyi məlumatda "Düşmən Çuquyev şəhərinə zərbələr endirdi," deyərək, aralarında 22 yaşlı bir qadının da olduğu dörd nəfərin həlak olduğunu açıqlayıb.

Sinequbov "Yanğınlara səbəb olan hücumlar ən azı 18 avtomobilə ziyan vurub, çoxmərtəbəli binaların pəncərələri sınıb və binaların fasadları zədələnib" deyib.

Xarkov meri İqor Terexov isə 10 nəfərin yaralandığını bildirib.

Rusiyanın Ukraynadakı hücumları son aylarda intensivləşib. Ukrayna bu hücumlara cavab olaraq Rusiya torpaqlarının daha mərkəzində pilotsuz uçuş aparatı (PUA) hücumları həyata keçirib.

Terexov Ukraynanın PUA hücumlarının daha çox hərbi və enerji obyektlərinə yönəldiyini söyləyib.

Sülh səyləri

Hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin dörd ildir davam edən müharibənin həlli ilə bağlı İngiltərə, Fransa və Almaniya liderləri ilə Londonda keçirdiyi görüşlərdən paytaxt Kiyevə qayıtdığı vaxtda baş verib.

Vaşinqtonun İrana qarşı müharibənin həllinə diqqət yetirməsi səbəbindən, Ukrayna və Rusiya arasında ABŞ-nin rəhbərliyi ilə həyata keçirilən sülh səyləri qismən dayanıb.

Zelenski iyunun 8-də ABŞ nümayəndələri Stiv Vitkof və Cared Kuşner ilə müsbət görüş keçirdiyini və yaxın həftələrdə Ukrayna müharibəsinin həlli üzərində işləməyə hazır olduqlarını bildirmişdi.

BMT-nin aprel ayında yaydığı təxminə görə, 2022-ci ildən bəri Ukraynanın müxtəlif bölgələrində ən azı 15 850 mülki şəxs öldürülüb.

BMT məlumatlarına görə, Rusiyanın nəzarətindəki bölgələrdə 2 800-dən çox mülki şəxs həlak olub, Ukrayna və Rusiyanın işğalı altındakı ərazilərdə isə 44 800-dən çox insan yaralanıb.