ELM VƏ TEXNOLOGİYA
3 dəqiqə oxuma
Türkiyənin qlobal süni intellekt mərkəzinə çevrilmək üçün 2026–2030-cu illər üzrə yol xəritəsi
Plan 5 milyon nəfərin süni intellekt savadlılığının təmin edilməsini, 110 000 mütəxəssisin hazırlanmasını və 2030-cu ilədək...
Türkiyənin qlobal süni intellekt mərkəzinə çevrilmək üçün 2026–2030-cu illər üzrə yol xəritəsi
Türkiyə 2030-cu ilə qədər məlumat mərkəzlərinin ümumi quraşdırılmış hesablama gücünü bir giqavata çatdırmağı hədəfləyir. / AA

Plan 5 milyon nəfərin süni intellekt savadlılığının təmin edilməsini, 110min mütəxəssisin hazırlanmasını və 2030-cu ilədək məlumat toplama mərkəzlərinin gücünün 1 giqavata çatdırılmasını hədəfləyir.

Türkiyə texnoloji müstəqilliyini möhkəmləndirmək və innovativ həlləri strateji sektorlara inteqrasiya etməklə qlobal süni intellekt (Sİ) mərkəzinə çevrilmək üçün yeni hərtərəfli fəaliyyət planını elan edib.

Prezident Rəcəb Tayyib Ərdoğan “Resmi Gazete”də dərc olunan "2026–2030-cu illər üzrə Türkiyənin Süni İntellekt Fəaliyyət Planı" haqqında sərəncam imzalayıb.

Sənaye və Texnologiya Nazirliyi Türkiyənin baxışını texnoloji suverenlik və davamlı rəqəmsal transformasiya məqsədləri ilə uyğunlaşdırmaq üçün yeni yol xəritəsinin hazırlanması prosesinə koordinasiya həyata keçirib.

Hökumət etibarlı ekosistem formalaşdırmaq məqsədilə "tanımaq", "istifadə etmək", "istehsal etmək" və "idarə etmək" adlı dörd əsas mərhələdən ibarət çərçivə tərtib edib.

Maarifləndirmə və bacarıqların inkişafı

Bu təşəbbüs iki il ərzində bütün 81 vilayətdə 5 milyon vətəndaşa Sİ savadlılığı təlimlərinin keçirilməsini hədəfləyir.

Rəsmi şəxslər həmçinin 10 min aparıcı mütəxəssis və 100 min tətbiqi sahə eksperti hazırlamaq üçün milli istedad proqramına start veriblər.

Dövlət rəsmiləri ən azı 2 min dövlətə aid verilənlər dəstinin formalaşdırılmasını və istifadəçi hüquqlarının qorunması üçün hüquqi-etika çərçivənin yaradılmasını planlaşdırır.

İnfrastrukturun inkişafı

Türkiyə 2030-cu ilədək verilənlər mərkəzlərində quraşdırılmış ümumi hesablama gücünü 1 giqavata çatdırmağı qarşısına məqsəd qoyub.

Hökumət hesablama resurslarına çıxışı genişləndirmək üçün tədqiqatçılara, startaplara və kiçik biznes subyektlərinə 20 milyon GPU-saat kvotası ayırıb.

Plan dövlət qurumlarının investisiya büdcələrinin ən azı 2%-ni süni intellekt layihələrinə yönəltməsini tələb edir.

Prioritet istiqamətlərdə; əsasən səhiyyə, energetika və intellektual istehsalat sahələrində sektoral pilot proqramların icrasına başlanılıb.

Hökumət, həmçinin enerjiyə və infrastruktura birbaşa çıxışı olan kampuslarda süni intellektin inkişafı zonalarının təsis edilməsi barədə qərar qəbul edib.

Bundan əlavə, rəsmi strukturlar süni intellekt üzrə tədqiqat fondunu, eləcə də yerli təşəbbüslərin maliyyələşdirilməsi üçün inkişaf fondunu təsis ediblər.

Yol xəritəsi mütəxəssisləri türk dilləri üzrə sektoral dil modellərini və fiziki robototexnika həllərini hazırlamağa və ixrac etməyə təşviq edir.

Regional diplomatiyada liderlik

Türkiyə özəl sektorun rəhbərliyi ilə süni intellekt və verilənlər mərkəzi sektoruna ən azı 10 milyard dollar investisiya cəlb etməyi hədəfləyir. Dövlət OECD, G20 və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq platformalarda fəal rol oynamağı planlaşdırır.

Regional təşəbbüslərə türk dilləri üçün ortaq dil modelinin işlənilməsi və ən azı 5 prioritet sektorda tənzimləyici sınaq mühitlərinin ("regulatory sandbox") fəaliyyətə başlaması daxildir.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır süni intellektin iqtisadi tərəqqinin və suverenliyin yeni müəyyənedici amili olduğunu bildirib.

Nazir Türkiyənin bu qlobal transformasiyada müşahidəçi kimi deyil, lider kimi çıxış etmək əzmində olduğunu vurğulayıb.

M.F.Kacır, həmçinin Türkiyənin öz dəyərlərinə əsaslanan etibarlı məhsullar istehsal edən və strateji sahələrdə həll yollarını tətbiq edən bir ekosistem qurmağı hədəflədiyini diqqətə çatdırıb.

Nazir əlavə edib ki, Türkiyə bu imkanlardan xalqın rifahı və bəşəriyyətin ümumi tərəqqisi üçün maksimum dərəcədə istifadə etməyi planlaşdırır.