Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 28-də verdiyi açıqlamada, Rusiyanın Ukraynanın Kiyev vilayətinə təşkil etdiyi hücumda aralarında bir Azərbaycan vətəndaşının da olduğu ən azı iki nəfərin həlak olduğunu bildirib.
Məsələylə bağlı “Telegram” kanalı üzərindən açıqlama verən V.Zelenski ölkənin şərqində yerləşən Xarkov vilayətində isə doqquzu uşaq olmaqla 28 nəfərin yaralandığını əlavə edib.
Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının təşkil etdiyi hücumda, üçü uşaq olmaqla dörd nəfərin yaralandığını xəbər verib.
Məsələylə bağlı açıqlama verən A.Qusev deyib: "Gecə və səhər saatlarında vilayət üzərində 20-yə yaxın pilotsuz uçuş aparatı zərərsizləşdirildi. Bir qadın orta dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirildi. İki uşaq ağır yaralandı, bir yeniyetməyə isə hadisə yerində tibbi yardım göstərildi".
Qubernatorun bildirdiyinə görə, Voronejdə baş verən yanğın bir bağ evinə və üç qaraja ziyan vurub. Həmçinin yaxınlıqdakı yaşayış binalarının və evlərin pəncərələri ilə dam örtükləri zədələnib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda isə Rusiya qüvvələrinin Ukraynanın logistika, rabitə və liman obyektlərini vurduğu bildirilib. Nazirlik, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinə dəstək təmin etdiyi qeyd olunan gəmilərin də hədəf alındığını bəyan edib.
Nazirlik həmçinin hədəflər arasında Kiyevdəki məlumat mərkəzləri (data mərkəzləri) və yanacaq infrastrukturu ilə yanaşı, bölgədəki “Vasılkiv” hərbi aerodromunda yerləşən obyektlərin də olduğunu qeyd edib.
Açıqlamada Odessadakı logistika mərkəzi, “İzmail” limanındakı infrastrukturlar və gəmiqayırma-təmir müəssisəsi də hədəflər arasında göstərilib.
Nazirlik hərbi və ya ikili təyinatlı yüklər daşıyan iki quru yük gəmisinin də vurulduğunu bildirib.






















