Türkiyə və Çindən mühəndislər sərhəd təhlükəsizliyi və uzaq regionlardakı sənaye sahələri üçün peyk əsaslı sistemlər hazırlayacaqlar.
Türkiyə və Çin "TÜRKSAT" ilə "China Satcom" arasında imzalanan birgə ETTOK (Tədqiqat və İşləmə), məhsul hazırlanması və kommersiyalaşdırma sazişi çərçivəsində kosmik texnologiyalar sahəsində birgə fəaliyyət həyata keçirəcək.
Anadolu Agentliyinin (AA) "Qlobal Kommunikasiya Tərəfdaşı" olduğu, Beynəlxalq Kosmonavtika Federasiyası (IAF) tərəfindən təşkil edilən 77-ci Beynəlxalq Kosmonavtika Konqresi (IAC 2026) Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmos Agentliyi (TUA) və "SAHA İstanbul"un ev sahibliyi ilə Antalyadakı NEST Konqres Mərkəzində davam edir.
Konqres çərçivəsində Türkiyədən şirkətlər məhsullarını təqdim edərkən, beynəlxalq tərəfdaşlarla mühüm sazişlər də imzalanır.
AA müxbirinin əldə etdiyi məlumata görə, bu çərçivədə "TÜRKSAT" ilə Çin mərkəzli peyk operatoru "China Satcom" arasında texnologiya istehsalına yönəlmiş əhatəli protokol imzalanıb.
"TÜRKSAT" stendindəki mərasimdə protokolu "TÜRKSAT" Peyk Xidmətləri Baş Direktorunun müavini Səlman Demirel və "China Satcom"un icraçı direktoru (CEO) Ma Xayquan (Ma Haiquan) imzalayıblar.
ETTOK məhsul hazırlanması və kommersiyalaşdırmanın hədəfləndiyi sazişlə iki ölkənin mühəndislik təcrübəsinin bir araya gətirilməsi nəzərdə tutulub.
İnnovativ məhsul və həll yolları hazırlanacaq
Bununla da, ötən il iki qurum arasında tutum bölgüsü ilə başlayan tərəfdaşlıq Parisdəki Ümumdünya Kosmos İş Həftəsində qəbul edilən qərarlarla genişləndirilib.
Prosesin artıq birbaşa avadanlıq və proqram təminatının işlənməsi mərhələsinə keçməsi ilə Türkiyə və Çin arasında kosmik texnologiyalarda birgə ETTOK və istehsal yönümlü yeni dövr başlayıb.
Çin ilə bağlanan bu sazişlə "TÜRKSAT" və "China Satcom" tərəfdaşlığında PUA rabitə sistemləri, peyk əsaslı əşyaların interneti və ağıllı sərhəd təhlükəsizliyi texnologiyalarının istehsalı planlaşdırılır.
Sazişlə "TÜRKSAT" hal-hazırda sahib olduğu başdan-başa peyk və rabitə üçün imkan yaratma imkanını yeni texnologiya və tətbiq sahələrinə daşıyaraq xidmət portfelini daha da genişləndirəcək.
Bazar ehtiyaclarının təhlilindən ilk prototiplərin hazırlanmasına, sınaq və təsdiqləmə proseslərindən kommersiyalaşdırmaya qədər uzanan bu əməkdaşlıq çərçivəsində Türkiyə və Çindən mühəndislər birlikdə çalışaraq innovativ məhsul və həll yolları ərsəyə gətirəcəklər.
Sazişin digər kritik istiqamətlərini ağıllı sərhəd təhlükəsizliyi və əşyaların interneti (IoT) texnologiyaları təşkil edir. Bu çərçivədə yerüstü rabitə şəbəkələrinin olmadığı coğrafiyalar üçün xüsusi cihazların istehsalı hədəflənib.
Enerji, kənd təsərrüfatı və logistika kimi sektorlarda istifadə olunan cihazların mobil şəbəkələrin olmadığı bölgələrdə belə peyk vasitəsilə idarə olunmasını təmin edəcək avadanlıqlar da saziş çərçivəsində layihələndiriləcək.
Dünyanın bir çox regionunda yerüstü rabitə infrastrukturunun kifayətsizliyi həm ölkələrin sərhəd təhlükəsizliyində, həm də sənaye məlumat axınında böyük boşluq yaradır. "TÜRKSAT" və "China Satcom" tərəfdaşlığındakı bu sazişlə şəbəkə stansiyalarının və ya fiber şəbəkələrin çatmadığı ən çətin coğrafiyalarda belə anlıq məlumat ötürülməsini həyata keçirən ağıllı peyk izləmə və IoT sistemləri hazırlanacaq.
"TÜRKSAT" peyk vasitəsilə təqdim edəcəyi bu inteqrasiya olunmuş avadanlıq və proqram həlləri ilə qlobal ekosistemin ən güclü texnologiya təchizatçılarından birinə çevriləcək.
Digər tərəfdən, ETTOK və məhsul hazırlama fəaliyyətlərinin səmərəli idarə olunması məqsədilə iki qurumun bərabər səviyyədə təmsil olunacağı Birgə İstiqamətləndirmə Komitəsi yaradılacaq və görülən işlər üçaylıq dövrlərlə qiymətləndiriləcək.


















