Şimali Makedoniyanın paytaxtı Skopyedə "Türk dilinə töhfə vermiş simalar" sərgisinin açılışı olub.
Beynəlxalq Balkan Universiteti və Bayburt Universitetinin əməkdaşlığı ilə Skopye Şəhər Muzeyində təşkil olunan sərgi Balkanlardakı türk mədəni irsinə diqqət çəkməyi hədəfləyir. Sərgidə türk dili və mədəniyyətinə mühüm töhfələr vermiş şəxsiyyətlərin portretləri nümayiş olunur.
Tədbirdə çıxış edən Beynəlxalq Balkan Universitetinin rektoru Lütfi Sunar mədəni və bədii fəaliyyətlərin vacibliyini vurğulayaraq, layihənin ortaq irsin qorunmasına töhfə verdiyini bildirib.
Layihənin həyata keçirilməsinə böyük töhfələr verən Seyhan Mürtezani bildirib ki, Balkanlar türk dünyasının tarixi yaddaşında xüsusi yer tutur.
"Balkanlarda türk dili və mədəniyyətinin izlərini ön plana çıxarmaq bu irsin gələcək nəsillərə ötürülməsi baxımından çox önəmlidir",-deyə Seyhan Mürtezani qeyd edib.
Layihə koordinatoru Sedat Maden türk dili və mədəniyyətinə töhfə vermiş şəxsləri bir araya gətirən tədqiqat çərçivəsində portretlərin sayını 100-ə çatdırmağı hədəflədiklərini bildirib.






















