Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, Türkiyənin bərpaolunan enerji mənbələrinin ümumi payı 72,1 faiz təşkil edir.
Avqust ayının sonuna olan məlumata görə, günəş enerjisindən 27 min 914 meqavat elektrik istehsal edilib. Bununla da onun ümumi qoyuluş gücündəki payı 22 faiz olub. Külək enerjisində isə 15 min 434 meqavat elektrik istehsal edilib. Onun ümumi qoyuluş gücündəki payı 12,2 faiz olaraq qeydə alınıb.
Bununla da günəş və külək enerjisindən ümumilikdə 43 min 348 meqavat elektrik istehsal edilib. Onların ümumi qoyuluş gücündəki payı isə 34,2 faizə çatıb.
Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "NSosyal" hesabındakı paylaşımında Türkiyənin enerji infrastrukturlarını möhkəmləndirməyə davam etdiklərini vurğulayıb.
Türkiyənin bərpaolunan enerji mənbələrinin avqust ayının sonuna olan məlumata görə 126 min 944 meqavata çatdığını qeyd edən A.Bayraktar deyib:
"Bu gücün 62,9 faizini bərpaolunan mənbələr təşkil edir. Günəş və külək enerjisində isə ümumilikdə 43 min 348 meqavat elektrik istehsal edilib. Günəş enerjisinin qoyuluş gücümüzdəki payı 22 faizə yüksəlib. Təmiz, yerli və bərpaolunan mənbələrimizin payını hər keçən gün daha da artıracağıq. Başda günəş və külək olmaqla, bərpaolunan enerji investisiyalarımızı sürətləndirəcəyik. Beləliklə, həm enerji təchizatı təhlükəsizliyimizi möhkəmləndirəcək, həm də 2053-cü il sıfır emissiya hədəfimizə əmin addımlarla irəliləyəcəyik. COP31 prosesində də Türkiyənin bu sahədəki baxışını və konseptual hədəflərini güclü şəkildə nümayiş etdirəcəyik. Energetika sahəsində tam müstəqil Türkiyə üçün çalışmağa davam edəcəyik."
























