İnkişaf edən texnologiya ilə birlikdə sürətlə geniş kütlələrə yayılan və gəldiyimiz mərhələdə demək olar ki, hər sahəyə nüfuz edən süni intellekt, bu gedişlə müharibə meydanında da adından tez-tez söz etdirəcəyə bənzəyir.
Buna misal, ABŞ-İran müharibəsini göstərmək olar. Belə ki, ABŞ Baş Qərargahı İrana qarşı hücumlarda süni intellektdən geniş istifadə olunduğunu birinci əldən təsdiqləyib. İsrail rəhbərliyi də xüsusilə hədəflərin dəqiq şəkildə müəyyənləşdirilməsində bu texnologiyalardan faydalandıqlarını bildirib. Süni intellektin müharibəyə birbaşa təsiri ilk dəfədir ki, bu qədər aydın və əhatəli şəkildə özünü göstərir. Lakin bu vəziyyət müəyyən sualları da bərabərində gətirdi.
Məsələn, süni intellekt hansı işləri görə biləcək səviyyəyə çatdı? Bütün bu prosesləri süni intellektin ixtiyarına buraxmaq nə dərəcədə etibarlıdır? Ya da Türkiyə kimi ölkələr süni intellekti müharibə meydanında tətbiq edə biləcək mərhələdədir? Bu suallara cavab olaraq texnologiya əsaslı strategiyalar üzrə mütəxəssis Alper Özbilenin “TRT Haber” kanalına verdiyi müsahibəsini diqqətinizə çatdırırıq.
Süni intellekt döyüş meydanında necə bir rol oynayır?
Cildlərlə kitabı əhatə edə biləcək bu suala Alper Özbilen hər kəsin başa düşəcəyi sadəlikdə ümumi bir çərçivəylə izah edir. O, ilk növbədə, süni intellektin əlbəttə ki, daha əvvəl də xüsusi əməliyyatlarda, kəşfiyyat proseslərində və fərqli silah sistemlərində istifadə olunduğunu xatırladır. Lakin bu istifadə formasının daha çox platformalar və məhsullar səviyyəsində "fərdi" şəkildə qaldığını bildirir.
"Məsələn, hədəfin müəyyən edilməsi, pilotsuz vasitələrin naviqasiyası və ya təsvirlərin təhlili kimi sahələrdə süni intellekt dəstəkli sistemlər tətbiq olunurdu," – deyə A.Özbilen qeyd edir. O, bu gün şahidi olduğumuz dəyişikliyin isə tamamilə fərqli bir mərhələyə işarə etdiyinə diqqət çəkir: "Süni intellekt artıq fərdi sistemlərin daxilində çalışan köməkçi texnologiya olmaqdan çıxır. O, ümumi əməliyyatların koordinasiyasını sürətləndirən müstəqil bir təbəqəyə çevrilir."
Daha əvvəl Ukrayna müharibəsində süni intellektlə təchiz olunmuş məhsulların həm cəbhədə, həm də cəbhə arxasında geniş şəkildə istifadə edilməyə başlandığını xatırladır. İndi isə süni intellektin birbaşa qərarqəbuletmə parametrlərinin mərkəzinə yerləşdiyini və bu proseslərə görünməmiş bir sürət qazandırdığını xüsusi vurğulayır.
Süni intellekt "dəstək vasitəsi" olmaqdan çıxır
Alper Özbilen məhz bu məqamda çox vacib bir məsələni qeyd edərək deyir: "Buna görə də artıq süni intellekt dəstəkli müharibə deyil, süni intellekt əsaslı müharibə şəraitindən bəhs edilməlidir."
O sözlərinə belə davam edir: "Yaxın keçmişdə kəşfiyyatın təhlili prosesləri müəyyən avtomatlaşdırma tətbiqlərinə baxmayaraq, intensiv insan əməyi ilə həyata keçirilirdi. Fərqli mənbələrdən əldə olunan məlumatlar və sahə hesabatları yenə müxtəlif komandalar tərəfindən araşdırılardı. Bu məlumatların tək bir mərkəzdə birləşdirilərək bütöv bir hala gətirilməsi vaxt alırdı. Bu gün isə süni intellekt bu nəhəng məlumat hovuzunu eyni anda təhlil edir, əlaqələndirir və qərar qəbul edənlərə çox daha sürətli bir mənzərə təqdim edə bilir."
Süni intellektin işləyiş proseslərini sürətləndirməsi müharibələrin də eyni sürətlə yürüdüyü və buna müqabil olaraq bitəcəyi mənasına gəlmir. Əksinə, bu vəziyyət daha əvvəl təcrübə edilməmiş yeni mürəkkəbliklərə və müharibənin miqyasının genişlənmə riskinə yol aça bilər.
Süni intellekt döyüş meydanında nələr edə bilər?
Alper Özbilen burada məsələni bir qədər də konkretləşdirir.
Məsələn, süni intellekt vasitəsilə düşmənin mobil raket qurğularının hərəkət modelləşdirilməsinin mümkün olduğunu qeyd edir. Həmçinin hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, hərbi obyektlərdəki fəaliyyət intensivliyi, radar və elektron dalğalardakı dəyişiklikləri, eləcə də idarəetmə şəbəkələrinin rabitə əlaqələrinin sıxlığı kimi son dərəcə strateji mövzularda süni intellektin mühüm rol oynadığına diqqət çəkir.
Peyk təsvirləri, pilotsuz vasitələrin kəşfiyyat məlumatları, açıq mənbə təhlilləri və fərqli sensorlardan alınan siqnallardan ibarət böyük məlumat bazaları. Bütün bunlar süni intellektlə təhlil edildikdə həm hərbi infrastrukturun xəritələndirilməsi, həm də sahədəki dəyişikliklərin rahat şəkildə təqib edilməsi böyük bir sürət qazanır.
"Bu vəziyyət ənənəvi müharibə daxilində yeni bir asimmetriya yaradır. Yəni məlumatı daha sürətli emal edə bilən tərəf müharibənin gedişatını müəyyənləşdirmək üstünlüyünü əldə edir," – deyə A.Özbilen bildirir.
Dəyişikliyi doğru qiymətləndirən qabaqda olacaq
Əlbəttə, süni intellektin müharibə meydanında bu dərəcədə ön plana çıxması müəyyən narahatlıqları da bərabərində gətirir.
Alper Özbilenə görə, əsas məsələ qorxmaq deyil, bu dəyişikliyi düzgün qiymətləndirmək və prosesə ciddi şəkildə hazır olmaqdır.
A.Özbilen bu gün süni intellektin təsir artırıcı qüvvəyə çevrildiyindən bəhs edir: "Bu təsir artıq müharibələrin sürətini, qərar vermə mərhələlərini və kəşfiyyat rəqabətini köklü şəkildə dəyişməyə davam edəcək. Əvvəlki vaxtlara heç oxşamayan bu yeni dövrün hələ ki başlangıcındayıq."
Türkiyə süni intellektdən döyüş meydanında istifadə edə bilər?
Hər birimizin maraqlandığı bu suala cavab verməzdən əvvəl A.Özbilen vurğulayır ki, Türkiyə müdafiə sənayesində hazırlanan pilotsuz sistemlər və müxtəlif platformaların sahib olduğu sensor şəbəkələri artıq mühüm bir bünövrə formalaşdırıb.
Alper Özbilen fikirlərini belə yekunlaşdırır: "Burada ən əsas məsələ inteqrasiyadır. Həm fərdi platformalardakı sensorların, həm də mərkəzdəki süni intellekt əsaslı təhlil və qərar vermə mexanizması təbəqələrinin nə dərəcədə sürətlə inteqrasiya ediləcəyi mövzusu üzərində ciddi şəkildə durmak mütləqdir."
"Çünki gələcəyin döyüş meydanında üstünlük təmin edən təkcə platformaların sayı və müxtəlifliyi olmayacaq. Əsas məsələ həmin platformalardan gələn məlumatı kimin daha sürətli və dəqiq təhlil edərək qərar vermə mexanizminə çevirə biləcəyidir. Bu sualın cavabı bizə yeni dövrdə hansı ölkələrin daha iləridə olacağını da göstərəcək."
Süni intellektin müharibə meydanındakı rolu sürətlə dəyişir və aydın görünür ki, bu transformasiyanı düzgün şəkildə qiymətləndirən gələcəkdə üstünlüyə sahib olacaqlar.























