Milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Şuşa şəhərində keçirilən üçtərəfli görüşdə regional əməkdaşlığa, ərazi bütövlüyünə verilən dəstəyə, həmçinin enerji və nəqliyyat layihələrinin təhlükəsizliyinə diqqət çəkib.
Nazir Yaşar Gülər regional sülh və sabitlik baxımından Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlığın önəmini vurğulayaraq, Qafqazın təhlükəsizliyinin bu üç ölkənin təhlükəsizliyindən ayrı düşünülə bilməyəcəyini ifadə edib.
Üçtərəfli müdafiə nazirləri toplantısı üçün ölkə mədəniyyətinin qəlbi olaraq xarakterizə etdiyi Azərbaycanın Şuşa şəhərində olmaqdan məmnunluğunu dilə gətirən Yaşar Güler verdiyi açıqlamada Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq tarix, ortaq coğrafiya, qarşılıqlı etimad və güclü dostluq bağları ilə bir-birinə bağlı üç dost və qonşu ölkə olduğunu bildirib.
Güler üç ölkə arasındakı güclü bağların hazırda getdikcə dərinləşən çoxşaxəli strateji əməkdaşlığa çevrildiyinə işarə edərək, Cənubi Qafqazın mühüm bir transformasiya dövründən keçdiyini qeyd edib.
Türkiyənin Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunmasına yönəlmiş son dövrlərdəki addımları məmnuniyyətlə qarşıladığını bildirən Güler deyib: "İnanırıq ki, bu yeni dövr bölgə ölkələrinin ortaq səyləri ilə Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına imkan yaradacaq. Bu məqamda Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir".
Güler üç ölkə arasındakı mövcud enerji, nəqliyyat və kommunikasiya layihələrinin təkcə iqtisadi inkişafa deyil, eyni zamanda regional təhlükəsizlik və sabitliyə də mühüm töhfələr verdiyini söyləyərək, "Bu layihələrin təhlükəsizliyinin təmin edilməsi ölkələrimizin ortaq məsuliyyətidir", -deyə bildirib və əlavə edib:
"Qafqazın təhlükəsizliyi Türkiyə, Azərbaycan və Gürcüstanın təhlükəsizliyindən ayrı düşünülə bilməz. Bu anlayışla Gürcüstan və Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə olan güclü dəstəyimizi bir daha ifadə etmək istəyirəm”.
Nazir Güler Şuşada olduğu müddətdə, həmçinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə ayrıca ikitərəfli görüşlər keçirib.




















