Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə son 5 ildə qarşılıqlı ticarət dövriyyəsi 72,2 milyard dollar təşkil edib. Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat verib.
Türk Dövlətləri Təşkilatı Türk dünyası dövlətləri arasındakı ortaq əlaqələri geostrateji, iqtisadi və təhlükəsizlik sahələrində tərəfdaşlığa çevirmək məqsədilə 2009-cu il oktyabrın 3-də "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası" adı ilə təsis edilib. 2021-ci ildə TDT adını alan qurumun "Türk Dünyası 2040 Vizyon Sənədi" çərçivəsində üzv ölkələrin siyasi, iqtisadi, mədəni və sosial cəhətdən inteqrasiya olunmuş güclü regional qüvvəyə çevrilməsi hədəflənir.
Bu çərçivədə təşkilatın orta və uzunmüddətli məqsədləri sırasına üzv dövlətlər arasında əmtəə, kapital, xidmət, texnologiya və insan resurslarının sərbəst hərəkətinin mərhələli şəkildə təmin edilməsi daxildir. Həmçinin Orta Koridorun dünyanın ən sürətli, təhlükəsiz və ucuz loqistika marşrutuna çevrilməsi də əsas hədəflər arasındadır.
TDT eyni zamanda, bərpa olunan enerji və rəqəmsal şəbəkə texnologiyalarında birgə investisiyaların qoyulmasını, regional və qlobal böhranlarda üzv ölkələrin birgə hərəkət etməsini strateji prioritetləri kimi görür.
Türkiyə xarici ticarətdə 10,9 milyard dollar müsbət saldo əldə edib
Türkiyənin təşkilata üzv ölkələrlə qarşılıqlı ticarəti son illərdə sabit artım nümayiş etdirir. Bununla yanaşı, sərmayə qoyuluşları və yeni əməkdaşlıq sahələri də inkişaf edir.
Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, 2021–2025-ci illər ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana ümumi ixrac 41,6 milyard dollar olub. Eyni dövrdə bu ölkələrdən edilən ümumi idxal isə 30,6 milyard dollar təşkil edib.
Beləliklə, Türkiyənin sözügedən ölkələrlə son 5 ildəki ticarət dövriyyəsi 72,2 milyard dollara çatıb. Bu müddətdə Türkiyə üzv ölkələrlə apardığı xarici ticarətdə 10,9 milyard dollarlıq müsbət saldo əldə edib.
Türkiyə İxracatçılar Məclisinin (TİM) göstəricilərinə əsasən, bu ilin 9 ayı ərzində müvafiq ölkələrə edilən ixracın həcmi 4,8 milyard dollar olaraq qeydə alınıb.
Ən çox ixrac Azərbaycana həyata keçirilib
Türkiyənin son 5 ildə ən çox məhsul satdığı ölkə 13,7 milyard dollarla Azərbaycan olub. Bu dövrdə Qazaxıstana 12,4 milyard dollar, Özbəkistana 9,9 milyard dollar, Qırğızıstana isə 5,6 milyard dollarlıq ixrac reallaşdırılıb.
Eyni dövrdə ən çox mal alınan ölkə 16,7 milyard dollarla Qazaxıstan olub. Azərbaycandandan 6,2 milyard dollarlıq, Özbəkistandan 6,9 milyard dollarlıq, Qırğızıstandan isə 951,9 milyon dollarlıq idxal qeydə alınıb.
Orta Koridor ticarət əlaqələrini gücləndirir
Hazırda Türkiyə ilə Azərbaycan arasında müdafiə, energetika, nəqliyyat, media və texnologiya kimi bir çox sahədə birgə layihələr həyata keçirilir. Bu çərçivədə, Asiya ilə Avropanı bir-birinə bağlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti iki ölkə arasındakı nəqliyyat əməkdaşlığının mühüm unsurlarından biri kimi öndə gəlir.
Türkiyə və Qazaxıstan tarixi əlaqələrini son illərdə xüsusilə Orta Koridor vasitəsilə strateji iqtisadi tərəfdaşlığa çeviriblər. İkitərəfli əməkdaşlıq süni intellekt, innovasiya və kosmik fəaliyyətlərdən dağ-mədən sənayesinə qədər geniş spektri əhatə edir.
Qırğızıstan və Özbəkistan ilə əlaqələr də Orta Koridor, beynəlxalq nəqliyyat xətləri, energetika, dağ-mədən sənayesi, azad zonalar, rəqəmsal ticarət və qarşılıqlı investisiyalar vasitəsilə dərinləşməkdədir.




















