SİYASƏT
2 dəqiqə oxuma
C.Bayramov: ''Avropa ilə Asiya arasında hava nəqliyyatının böyük hissəsi Cənubi Qafqaza yönəlib''
"Rusiya-Ukrayna müharibəsi bir tərəfdə, İran ətrafındakı hərbi gərginlik isə digər tərəfdə davam edərkən, Avropa və Asiya arasındakı hava nəqliyyatının böyük hissəsi Cənubi Qafqaz üzərindən həyata keçirilir. Bu, bölgədə sabitliyin və asayişin hakim olmasının nəticəsidir"
C.Bayramov: ''Avropa ilə Asiya arasında hava nəqliyyatının böyük hissəsi Cənubi Qafqaza yönəlib''
C.Bayramov: ''Avropa ilə Asiya arasında hava nəqliyyatının böyük hissəsi Cənubi Qafqaza yönəlib''

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya-Ukrayna münaqişəsi və İran ətrafındakı hərbi gərginliklər fonunda Avropa ilə Asiya arasında hava nəqliyyatının böyük bir hissəsinin Cənubi Qafqaz regionuna yönəldiyini bildirib. Nazir vurğulayıb ki, beynəlxalq aviaşirkətlərin bu marşrutu seçməsi birbaşa regionda hökm sürən sabitlik və sülhün nəticəsidir. Ceyhun Bayramov bu barədə Çırağan Sarayında türkiyəli həmkarı Hakan Fidan və Gürcüstan xarici işlər naziri Maka Botçorişvilinin iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirləri görüşündən sonra təşkil olunan birgə mətbuat konfransında danışıb.

Yaxın Şərqdə və Qəzzada davamlı sülhün əldə edilməsinin vacibliyinə toxunan nazir İran ətrafında cərəyan edən hadisələrin hər üç qonşu ölkəyə birbaşa təsir göstərdiyini qeyd edib. O, böhranların həllində diplomatik və siyasi vasitələrə üstünlük verilməsinin, həmçinin beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsinin zəruriliyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, bölgədə davamlı atəşkəsə nail olunması və sülhün bərqərar edilməsi bütün region üçün ən prioritet məsələlərdən biridir.

Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq gündəliyinin olduqca geniş olduğunu deyən Ceyhun Bayramov üç dost və qonşu dövlət tərəfindən icra olunan müştərək layihələr üzrə müntəzəm məsləhətləşmələrin aparılmasının böyük əhəmiyyət daşıdığını bildirib. Nazir qlobal problemlərin yalnız birgə səylərlə həll edilə biləcəyini, heç bir ölkənin bu çağırışların öhdəsindən təkbaşına gəlmək gücündə olmadığını vurğulayaraq, beynəlxalq müstəvidə əlaqələndirilmiş şəkildə hərəkət etməyin və ortaq mövqe nümayiş etdirməyin vacibliyini ifadə edib. O, hər üç ölkənin regional münaqişələr və qlobal təhlükəsizlik problemləri qarşısında hər zaman beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşma nümayiş etdiyini və beynəlxalq platformalarda müharibələrə son qoyulması üçün birgə çalışdıqlarını diqqətə çatdırıb.

Mövcud münaqişələrin qlobal enerji təhlükəsizliyinə, təchizat zəncirlərinə və nəqliyyat marşrutlarına ciddi zərbə vurduğunu deyən nazir bir çox dövlətlərin enerji resurslarına çıxışda ciddi çətinliklərlə üzləşdiyini xatırladıb. Bu baxımdan Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin fasiləsiz fəaliyyət göstərməsinin strateji əhəmiyyəti xüsusi vurğulanıb. Ceyhun Bayramov bu layihələrin təkcə təşəbbüskar üç ölkənin deyil, həm də daha geniş bir coğrafiyada yerləşən bir çox dövlətin enerji və təchizat təhlükəsizliyinə böyük töhfə verdiyini deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın və regionun 16 ölkəsinə çatdırılır və bu, həmin tərəfdaşlar üçün etibarlı enerji təhlükəsizliyi təminatı deməkdir.