İDMAN
2 dəqiqə oxuma
Əfsanəvi futbolcu L.Messi gözyaşları içində Argentina millisindəki karyerasını başa vurdu
Benin ilə keçirilən qarşılaşmada 208-ci matçına çıxan argentinalı əfsanəvi futbolçu L.Messi milli komandadakı 126-cı qolunu vurdu
Əfsanəvi futbolcu L.Messi gözyaşları içində Argentina millisindəki karyerasını başa vurdu
Əfsanəvi futbolcu L.Messi gözyaşları içində Argentina millisindəki karyerasını başa vurdu / AFP

Futbol üzrə əfsanəvi dünya ulduzu, Argentina yığmasının kapitanı Lionel Messi 21 illik möhtəşəm milli komanda karyerasını yekunlaşdırıb.

L.Messi millinin heyətində Beninə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan yoldaşlıq görüşündə bir qol və iki ötürmə edib.

Oktyabrın 6-da "Monumental" stadionunda 85 mindən çox azarkeşin qarşısında baş tutan bu vida matçı L.Messinin milli komandada indiyədək etdiklərinin qeyd olunduğu milli bir təntənə havasında keçdi.

Paytaxt Buenos-Ayresdə baş tutan mərasimdə azarkeşlər Argentinanın dövlət himnini coşqu ilə oxudular.

O an L.Messinin ailəsi də bu anları tribünadan qürurla izləyirdi. Onlarla birgə Argentinanın 1978, 1986 və 2022-ci il Dünya Kubokunu qazanan heyətlərində yer alan bəzi simalar da tribünada idi.

Matçdan saatlar əvvəl L.Messinin doğma şəhəri Rosariodakı Milli Bayraq Abidəsində üzərində "Gracias" (Təşəkkürlər) yazılmış nəhəng 10 nömrəli forma açıldı.

Stadionun xaricində küçələrə toplaşan minlərlə azarkeş də L.Messini salamlamaq üçün bir araya gəlmişdi. Bu mənzərəni görən L.Messi isə gözyaşlarını saxlaya bilmədi.

Komandalar meydana çıxdıqda Benin kapitanı oyundan əvvəlki salamlaşma mərasimində L.Messiyə hədiyyə və məktub təqdim etdi. L.Messi bu an duyğulanaraq danışmaqda çətinlik çəkdi.

 

"Messi, Messi" şüarları

Qol vurulmayan ilk hissənin ardından L.Messi komandasının hesabını açmağa şərait yaratdı. Onun məhsuldar ötürməsindən sonra Nikolas Otamendi Argentina millisini önə çıxardı.

Qeyd edək ki, milli komandada L.Messi ilə dörd Dünya Kuboku da daxil olmaqla 17 il keçirən N.Otamendi də eynilə L.Messi kimi milli komanda karyerasını başa vurdu.

L.Messi daha sonra Argentinanın 10 nömrəli formasının potensial varislərindən biri kimi görülən Niko Pazın ikinci qolu vurmasını təmin edən ötürməni etdi.

L.Messi hesabı 3:0 edən penalti zərbəsini dəqiq yerinə yetirərək milli komandada 126-cı qoluna imza atdı. Tribünalardan bir daha "Messi, Messi" şüarları ucaldı.

Matçın final fitinin səslənməsi ilə komanda yoldaşları, rəqibləri və hakim L.Messini qucaqlamaq üçün onun ətrafına toplaşdı. Ardınca L.Messinin Argentinadakı möhtəşəm karyerasının başa çatması şərəfinə səmanı möhtəşəm dron şousu işıqlandırdı.

Beləliklə, L.Messi karyerasını Dünya Kuboku və "Copa America" zəfərləri ilə dolu bir hekayəyə çevirdi. O, ölkəsinin milli formasını ən çox geyinən (208) və ən çox qol vuran futbolçusu titulları ilə milli komandaya vida etdi.

MƏNBƏ:TRT