Dallasda yerləşən "Heritage Auctions" hərrac mərkəzinin yaydığı məlumata görə, argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın məşhur "Tanrının əli" adlanan qolunda istifadə edilən top hərracda 3,35 milyon dollara satılıb.
Söhbət Argentina millisinin İngiltərə üzərində 2-1 hesablı dörddəbir final qələbəsi qazandığı matçda istifadə olunan "Adidas Azteca" markalı topda gedir. Həmin matçda D.Maradona Dünya Çempionatı tarixinin ən yaddaqalan iki qolunu vurmuşdu.
Qeyd edək ki, D.Maradonanın İngiltərəyə qarşı vurduğu ilk qolda, topu əliylə qapıya göndərdiyi üçün "Tanrının əli" kimi adlandırılır. Maraqlısı da bundadır ki, hakim heyəti isə qolu hesaba almışdı.
Dörd dəqiqə sonra Argentina komandasının kapitanı beş İngiltərə oyunçusunu keçərək qol vurmuşdu. Bu qol daha sonra FİFA Dünya Çempionatının "Əsrin qolu" seçildi.
Hərracdan əvvəl "Heritage" hərrac mərkəzi bu topu idman tarixinin ən məşhur topu kimi qiymətləndirmişdi. Lakin topun satış qiyməti hərracdan əvvəl ən azı 10 milyon dollar olaraq ehtimal edilən məbləğdən kifayət qədər aşağı olub.
Həmin oyunu idarə edən tunisli hakim Əli Bin Nasir topu 36 il boyunca qoruyub saxlayıb. Top daha əvvəl, 2022-ci ildə Londondakı bir hərracda 2 milyon sterlinqə (2,37 milyon dollar) satılmışdı.
Sözügedən matçda D.Maradonanın geyindiyi forma isə həmin ilin növbəti aylarında "Sotheby's" hərrac mərkəzində təxminən 9,3 milyon dollara satıldı.
Bütün idman xatirə əşyaları üzrə hərrac rekordu isə Beyb Rutun 1932-ci il Dünya Seriyasının 3-cü oyununda geyindiyi "Nyu-York Yanki" formasına məxsusdur. Həmin formanı "Heritage" hərrac mərkəzi 2024-cü ildə 24,12 milyon dollara satıb.




















