DÜNYA
2 dəqiqə oxuma
İran ABŞ-nin Körfəzdəki obyektlərinə 5400-dən çox raket və PUA hücumu təşkil edib
Martın 30-na olan rəsmi məlumatlara əsasən, İran 28 fevraldan etibarən yeddi ərəb ölkəsindəki ABŞ bazalarına və kritik əhəmiyyətə malik bölgələrə ən azı 5471 raket və PUA hücumu həyata keçirib
İran ABŞ-nin Körfəzdəki obyektlərinə 5400-dən çox raket və PUA hücumu təşkil edib
İran ABŞ-nin Körfəzdəki obyektlərinə 5400-dən çox raket və PUA hücumu təşkil edib / AP
11 saat əvvəl

Martın 30-na olan rəsmi məlumatlara əsasən, İran 28 fevraldan etibarən yeddi ərəb ölkəsindəki ABŞ bazalarına və kritik əhəmiyyətə malik bölgələrə ən azı 5471 raket və PUA hücumu həyata keçirib. ABŞ ilə İsrailin həyata keçirdiyi hücumlar və Tehranın cavab tədbirlərinin davam etməsi nəticəsində Körfəz ölkələrində çoxsaylı strateji nöqtələr hədəf alınıb.

Müdafiə nazirlikləri və rəsmi informasiya mərkəzlərindən əldə edilən statistikaya görə, bu prosesdən ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. BƏƏ Müdafiə Nazirliyi hücumların başlanğıcından bəri hava hücumundan müdafiə sistemlərinin 414 ballistik raket, 15 qanadlı raket və 1914 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.

Digər regional ölkələr də bənzər hücumlarla üzləşiblər. Küveyt 309 ballistik raket və 616 PUA, Bəhreyn isə 174 raket və 391 PUA-nı məhv etdiyini bildirib. Qətər Müdafiə Nazirliyi ölkə ərazisini hədəf alan 206 ballistik raket və 93 PUA hücumu barədə məlumat paylaşıb. İordaniya ordusu münaqişə dövründə 262 hava hücumunun qeydə alındığını vurğulayıb. Səudiyyə Ərəbistanı ən azı 52 raket və 1006 pilotsuz uçuş aparatının, Oman isə 19 pilotsuz uçuş aparatının hədəfinə çevrilib.

Regional gərginliyin artmasına səbəb 28 fevralda İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücum olub. Hücumlar nəticəsində İranın keçmiş ali dini lideri Ayətullah Əli Xamenei də daxil olmaqla 1340-dan çox insan həyatını itirib. İran isə cavab tədbirlərinə başlayıb. Tehran administrasiyası ABŞ-ın hərbi mövcudluğuna icazə verən İsrail, İordaniya, İraq və Körfəz ölkələrini pilotsuz uçuş aparatları və raketlərlə hədəf alıb. Bu hücumlar həm insan tələfatına, həm də infrastrukturun ciddi şəkildə dağıdılmasına səbəb olub. Eyni zamanda qlobal bazarlara və beynəlxalq aviasiya sektorunun fəaliyyətinə də mənfi təsir göstərib.