“The Washington Post” qəzetinin məlumatına görə, Pentaqon minlərlə ABŞ əsgərinin Yaxın Şərqə göndərilməsindən sonra, Prezident Donald Trampın qərarından asılı olaraq İranda həftələrlə davam edə biləcək mümkün quru əməliyyatları üçün planlar hazırlayıb.
Rəsmilər bu planların müharibənin ilk dörd həftəsindən "əhəmiyyətli dərəcədə daha təhlükəli" ola biləcək "yeni bir mərhələyə" keçidi işarə edə biləcəyini qeyd ediblər.
Adının açıqlanmaması şərti ilə danışan səlahiyyyətli şəxslər bildiriblər ki, həyata keçiriləcək hər hansı quru hərəkatı tammiqyaslı işğal səviyyəsinə çatmayacaq, bu əməliyyatlara tammiqyaslı işğal əvəzinə xüsusi təyinatlı qüvvələr və piyada qüvvələrinin hədəf reydləri daxildir.
Rəsmilər bu əməliyyatların əsgərləri pilotsuz uçuş aparatları (PUA), raketlər, qurudan açılan atəş və əldəqayırma partlayıcı qurğularla (ƏPQ) qarşı-qarşıya qoya biləcəyini vurğulayıblar.
Xəbərə görə, Ağ Evin sözçüsü Karoline Leavitt: "Baş Komandana maksimum seçimlər təqdim etmək naminə hazırlıq görmək Pentaqonun vəzifəsidir. Bu, Prezidentin bir qərara gəldiyimənasını daşımır", - deyə bildirib.
Müzakirələrdə İranın mühüm neft ixrac mərkəzi olan Xarq adasını hədəf alan potensial əməliyyatlar və gəmiçiliyə yönəlmiş təhdidləri zərərsizləşdirmək üçün Hörmüz boğazı yaxınlığındakı sahil rəydləri nəzərdən keçirilib.
Bəzi rəsmilər mümkün tapşırıqların "aylarla deyil, həftələrlə" çəkə biləcəyini desə də, digərləri "bir neçə ay" davam edəcəyi təxminini irəli sürüblər.
Tramp "Heç yerə əsgər göndərmirəm", - deyərkən; Dövlət katibi Marko Rubio bunun "uzunmüddətli bir münaqişə olmayacağını" və hədəflərə "quru qoşunları olmadan" çatmağın mümkünlüyünü qeyd edib.
Rəsmilər ABŞ-İsrailin fevral ayının sonunda başlayan İran müharibəsində region miqyasındakı hücumlarda 13 ABŞ əsgərinin öldüyünü və 300-dən çoxunun yaralandığını bildiriblər.
İsrail və ABŞ-nin 28 fevralda İrana qarşı başlatdığı və bu günə qədər aralarında Ali Lider Əli Xameneinin də olduğu 1 300-dən çox insanın ölümü ilə nəticələnən hücumdan bəri regional gərginlik artmağa davam edir.
İran İsrail, İordaniya, İraq və ABŞ hərbi varlığına ev sahibliyi edən Körfəz ölkələrini hədəf alan PUA və raket hücumları ilə cavab verərək can itkilərinə və infrastrukturun zədələnməsinə yol açmaqla yanaşı, qlobal bazarları və aviasiyanı da çətinliyə salıb.







