Şanlıurfadakı festivalın ilk günündə T-70, "Bayraktar AKINCI" və paramotor nümayiş uçuşları həyata keçirildi.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST-in ilk günündə səmada nümayiş uçuşları keçirilir.
Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi olan Bayraktar Kızılelma və yerli istehsal olan “Kaan” beşinci nəsil hərbi təyyarəsi TEKNOFEST ziyarətçiləri tərəfindən böyük maraqla qarşılandı.
Peşəkar hərbçilərin həyata keçirdiyi nümayişdə yüksək hündürlüyə qalxan T-70 helikopterindən paraşütçülər tullanış etdilər.
Səmada Türkiyə bayrağı və Atatürkün fotosunu açan paraşütçülər festival ərazisindəki ziyarətçilər tərəfindən alqışlarla qarşılandı.
Festivalda, həmçinin ATAK helikopterləri, HÜRKUŞ, ANKA, Bayraktar TB2, Bayraktar TB3 və Bayraktar AKINCI, eləcə də quru və dəniz nəqliyyat vasitələri nümayiş olunur.
Qabaqcıl texnologiyası və daşıdığı sursatlarla diqqət çəkən "Bayraktar AKINCI"nın nümayiş uçuşu ziyarətçilərə vizual şou bəxş etdi.
Havada qalma müddəti 24 saatı keçən süni intellekt dəstəkli "Bayraktar AKINCI"nın festival ərazisindən çəkdiyi anlıq görüntülər də böyük ekranlar vasitəsilə məkandakı ziyarətçilərə nümayiş etdirilidi.
Nümayişlərin digər hissəsində isə paramotor və deltaplan pilotları uçuş həyata keçirdilər.
Festival, həmçinin ziyarətçilərə konsertlər, səhnə şouları, sərgilər, təhsil seminarları, simulyasiya təcrübə sahələri, planetari, elm şouları, TEKNOFEST Zaman Tuneli, milli dəniz, quru və hava nəqliyyat vasitələrinin sərgiləri, sərgi tədbirləri və tələbələr üçün xüsusi ilk uçuş tədbirləri kimi bir çox təcrübə təqdim edəcək.
Bir milyondan çox ziyarətçinin iştirakının proqnozlaşdırıldığı festival boyu pilotaj uçuşlarının həyata keçirilməsi planlaşdırılır.
Festival oktyabrın 4-nə qədər müxtəlif tədbirlərlə davam edəcək.






















