Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxt Qahirədə bir araya gələn tərəflər atəşkəs prosesini sürətləndirmək və mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə birgə "yol xəritəsi" layihəsini nəzərdən keçiriblər. Danışıqlarda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, həmçinin Misir və Qətərin yüksək vəzifəli rəsmiləri ilə yanaşı, Fələstin qruplarının nümayəndələri də iştirak ediblər. Görüşlərin ümumilikdə konstruktiv mühitdə keçdiyi və prosesin irəliyə aparılması üçün səmərəli müzakirələrin aparıldığı bildirilib.
Danışıqlarda əsas diqqət atəşkəsin birinci mərhələsi üzrə öhdəliklərin yerinə yetirilməsi, Qəzza zolağına humanitar yardımların artırılması və bölgədə sabitliyin qorunması üçün atılacaq addımlara yönəlib. Bununla yanaşı, Qəzzanın gələcək idarəçiliyi, bölgənin yenidən qurulması, beynəlxalq qüvvələrin yerləşdirilməsi və atəşkəsin tətbiqi mexanizmləri də gündəmdəki əsas mövzular olub. Fələstin qruplarının və qarant ölkələrin nümayəndələri artıq Qahirədə atəşkəsin ikinci mərhələsi ilə bağlı rəsmi məsləhətləşmələrə başlayıblar.
Xatırladaq ki, tərəflər arasında atəşkəs sazişi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Sazişin birinci mərhələsi əsir mübadiləsini, humanitar yardımların intensivləşdirilməsini və İsrail ordusunun müəyyən ərazilərdən qismən geri çəkilməsini nəzərdə tuturdu. Lakin Fələstin mənbələri İsrail tərəfinin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyini və hücumları davam etdirdiyini iddia edirlər. Hazırda müzakirə olunan ikinci mərhələ isə Qəzzanın idarə olunması və bərpası, beynəlxalq qüvvələrin bölgəyə yerləşdirilməsi, İsrail qoşunlarının tamamilə geri çəkilməsi, eləcə də müəyyən siyasi və təhlükəsizlik tənzimləmələrinin həllini əhatə edir.

















