AZƏRBAYCAN
2 dəqiqə oxuma
H.Hacıyev: Ermənistan konstitusiyasından torpaq iddiası çıxarılarsa, sülh müqaviləsi imzalanacaq
Hikmət Hacıyev bildirib ki, Ermənistan öz konstitusiyasından torpaq iddiasını çıxarmağı planlaşdırır və bu proses reallaşarsa, sülh müqaviləsinin imzalanması mümkün olacaq
H.Hacıyev: Ermənistan konstitusiyasından torpaq iddiası çıxarılarsa, sülh müqaviləsi imzalanacaq
H.Hacıyev: Ermənistan konstitusiyasından torpaq iddiası çıxarılarsa, sülh müqaviləsi imzalanacaq / reuters

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənubi Qafqazda sülh, yenidənqurma və regional əməkdaşlıq mövzusunda keçirilən tədbirdə “Anadolu” agentliyinə müsahibə verib.

H.Hacıyev Azərbaycanın ölkədəki seçkilərdən sonra Ermənistanın yeni konstitusiya layihəsi hazırlamaq səylərini diqqətlə izlədiklərini diqqətə çatdırıb.

Prezidentin köməkçisi bildirib: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası məsələsi var. Biz bu iddianın yeni konstitusiyaya daxil edilməməsini, yəni oradan çıxarılmasını gözləyirik. Ermənistan tərəfində də bu cür niyyətlər mövcuddur. Əgər Ermənistanda referendum keçirilərsə, yeni konstitusiya qəbul olunarsa və həmin müddəa oradan çıxarılarsa, sülh müqaviləsinin yekun imzalanması üçün heç bir maneə və ya problem görmürük”.

H.Hacıyev regionda artıq de-fakto sülh mühitinin olduğunu və iki ölkə arasında davamlı sülhün bərqərar olması istiqamətində səylərin sürətlə davam etdirildiyini vurğulayıb.

 

Qarabağın yenidən qurulması

H.Hacıyev həmçinin Azərbaycan dövlətinin Qarabağda 9 şəhər və 300 kəndi tamamilə yenidən qurduğunu bildirib.

O, qısa müddət ərzində minlərlə kilometr yolun, körpülərin və tunellərin inşa edildiyini nəzərə çatdırıb. Həmçinin təxminən 60.000 nəfərin artıq regionda yaşamağa, işləməyə və təhsil almağa başladığını qeyd edib.

Mina təhlükəsinin hələ də böyük problem olaraq qaldığı vurğulanıb. Lakin minatəmizləmə işləri vətəndaşların tədricən şəhər və qəsəbələrə qayıtmasına şərait yaradır.

“Təbiəti etibarilə cənnət olan Qarabağda biz real bir cənnət yaratmaq prosesindəyik”, - deyə H.Hacıyev əlavə edib.

 

Zəngəzur dəhlizi

Təklif olunan Zəngəzur dəhlizi haqqında da danışan H.Hacıyev Ermənistan və ABŞ-dən gələn siqnalların texniki-iqtisadi əsaslandırma işlərinin başa çatmaq üzrə olduğunu göstərdiyini deyib. O, tikinti işlərinin bu il başlaya biləcəyini ifadə edib.

Prezidentin köməkçisi Bakıdan Zəngilana qədər uzanan ikitərəfli avtomobil yolunun və dəmir yolu xəttinin tikintisinin yekunlaşmaq üzrə olduğunu bildirib.

O, Azərbaycanın Naxçıvan Muxtar Respublikasındaki dəmir yolu infrastrukturunun bərpa edildiyini, Türkiyə dövlətinin isə Qars-Iğdır dəmir yolu xəttini inşa etdiyini əlavə edib. Beləliklə layihələr tamamlandıqda Naxçıvan ilə Türkiyə arasında dəmir yolu əlaqəsi təmin olunacaq.

H.Hacıyev sözlərinə belə davam edib: “Zəngəzur dəhlizi və ya onların adlandırdığı “Tramp dəhlizi” layihəsinin tikinti prosesinə Ermənistan və ABŞ-nin başlamasını gözləyirik”.

 

Türkiyə-Azərbaycan münasibətləri

H.Hacıyev Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri əvvəlki nəsillərdən miras qalmış tarixi qardaşlıq kimi qiymətləndirib.

O, iki ölkə arasındakı münasibətlərə xələl gətirmək cəhdlərinin “çirkin təxribat” olduğunu və bunun heç bir nəticə verməyəcəyini vurğulayıb.

H.Hacıyev deyib: “Türkiyə-Azərbaycan əlaqələrini zəiflətməyə çalışanları xain adlandırıram. İstər Türkiyədə, istərsə də Azərbaycanda olsunlar, bu niyyətdə olanlar heç vaxt məqsədlərinə çatmayacaqlar”.

H.Hacıyev ikitərəfli münasibətlərin iki xalqın iradəsi və dövlət başçılarının liderliyi ilə daha da möhkəmlənəcəyini bildirib.

MƏNBƏ:TRT