2011-ci il Nobel Sülh Mükafatı laureatı yəmənli Təvəkkül Karman Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxışının əngəlləndiyini bildirərək, "Bəzi hökumətlər müstəqil və azad səsləri eşitmək istəmədi" dedi.
2011-ci il Nobel Sülh Mükafatını bölüşən Karman çatdırmaq istədiyi əsas mesajı Şura zalının xaricində BMT mətbuatına ötürdü. Yəməndəki böhranın əsas səbəbinin "dövlətin süqutu" olduğunu vurğulayan Karman "birincidərəcəli məsuliyyətin" Husi üsyançılarının üzərində olduğunu ifadə etdi.
Karman bəyanatında bu fikirləri səsləndirdi: "Eyni zamanda beynəlxalq aləmdə tanınan hökumətin nümayiş etdirdiyi qeyri-kafi fəaliyyət, idarəetmə çatışmazlığı və daxili parçalanmalar dövlət idarələrini və qanunun aliliyini daha da zəiflətdi. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın müdaxiləsi və BƏƏ-nin müdaxilələri də beynəlxalq aləmdə tanınan hökuməti acizləşdirdi".
Karman "Yəmənlilər beynəlxalq ictimaiyyətdən öz gələcəklərini inşa etməsini istəmir. Yəmənlilər ölkələrini geri almaq və öz gələcəklərini qurmaq mübarizəsində beynəlxalq ictimaiyyətin onların yanında olmasını tələb edirlər" dedi.