Türkiyə Xarici İşlər Nazirliyi İsrail Parlamentinin yalnız fələstinlilərə şamil ediləcək ölüm cəzası qanununu qəbul etməsini kəskin şəkildə pisləyib.
Nazirliyin rəsmi internet səhifəsində yayımlanan bəyanatda qeyd olunub ki, sözügedən qanun İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi aparteid rejimini daha da gücləndirməyə xidmət edir. Açıqlamada bu addımın Fələstin xalqına qarşı yürüdülən inkar, məhv etmə və siyasi edam siyasətinin yeni bir təzahürü olduğu vurgulanıb. Bəyanatda həmçinin sözügedən qanunun beynəlxalq hüquq normalarına zidd olduğu və etibarsız sayıldığı bildirilib.
Türkiyə başda Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq ictimaiyyəti İsrailin bu irqçi və hüquqa zidd addımlarına qarşı qətiyyətli reaksiya verməyə çağırıb.
İsrailin "Yedioth Ahronoth" qəzetinin verdiyi məlumata görə, qanun layihəsi parlamentdə keçirilən ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Qanunun lehinə 62, əleyhinə isə 47 səs verilib.
Baş nazir Binyamin Netanyahu da qanunu dəstəkləyib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qanunun qəbul olunmasını "tarixi bir gün" adlandıraraq məmnunluğunu ifadə edib.










