Beynəlxalq media orqanlarının yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatı İsraili münaqişə zonalarında cinsi zorakılıqdan vasitə kimi istifadə edən ölkələrin rəsmi “qara siyahı”sına salıb. Bu addım BMT Baş katibinin hər il hazırlanan "Münaqişələrdə Cinsi Zorakılıq üzrə Hesabatı" çərçivəsində atılıb. Qərara əsasən, fələstinli məhbuslara qarşı pis rəftar və zorakılıq hallarına görə ilk növbədə İsrail Həbsxana Xidməti rəsmi olaraq siyahıya daxil edilib. Bildirilir ki, ölkənin daha bir neçə dövlət və təhlükəsizlik qurumu da növbəti mərhələlərdə siyahıya salınmaq məqsədilə xüsusi nəzarətə götürülüb.
Bu qərar insan hüquqları təşkilatları, müstəqil media qurumları və BMT müstəntiqlərinin topladığı ciddi faktlar əsasında verilib. Qəzza, işğal altındakı İordan çayının qərb sahili və müxtəlif İsrail həbsxanalarında saxlanılan fələstinlilərin dindirmə və həbs müddətində sistematik işgəncə və cinsi istismar hallarını sübuta yetirib.
BMT ekspertləri ötən ay yaydıqları bəyanatda cinsi və gender əsaslı zorakılığın İsrail tərəfindən fələstinli mülki əhaliyə qarşı bir "nəzarət və təzyiq vasitəsi" kimi istifadə olunduğunu bildirmiş və bu əməllərin müharibə cinayəti təşkil edə biləcəyi barədə xəbərdarlıq etmişdilər. Hesabatda pis rəftarın təkcə həbsxanalarda deyil, hərbi nəzarət-buraxılış məntəqələrində və ev basqınları zamanı da baş verdiyi, bu prosesdə İsrail ordusu ilə yanaşı qeyri-qanuni israilli köçkünlərin də iştirak etdiyi vurğulanır.
Qeyd edək ki, BMT-nin bu növ rəsmi hesabatları dərc olunmazdan əvvəl aidiyyatı dövlətlərə təqdim edilir və bu “qara siyahı”ya daxil edilmək müvafiq ölkələr üçün ciddi nüfuz itkisi və diplomatik fəsadlar doğurur. Hələ ötən ilin avqust ayında yayımlanan hesabatda İsrailin bu siyahıya salına biləcəyi ilə bağlı ilkin xəbərdarlıq edilmişdi. Bununla yanaşı, BMT öz müfəttişlərinin İsraildəki həbs mərkəzlərinə girişinə rəsmi Tel-Əviv tərəfindən qadağa qoyulduğunu da açıqlayıb.
İsrail rəhbərliyi isə BMT-nin bu qərarına kəskin reaksiya verərək təşkilatın Baş katibi Antonio Quterreş ilə bütün əlaqələri kəsdiyini elan edib. İsrail Xarici İşlər Nazirliyi ölkənin cinsi zorakılıq siyahısına daxil edilməsini "absurd" addım kimi qiymətləndirib. Baş katibin sözçüsü Stefan Dujarrik isə İsrail tərəfinin bəyanatlarından xəbərdar olduqlarını bildirərək deyib: "Bizim nöqteyi-nəzərimizdən, baş katibin qapısı dialoq üçün hər zaman açıqdır".







