DÜNYA
2 dəqiqə oxuma
İsrail ordusu İordan çayının qərb sahilində bayram alış-verişi zamanı mağazaları bağlatdırdı
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin cənubunda yerləşən iki Fələstin qəsəbəsinə girərək, Qurban bayramı alış-verişinin ən sıx olduğu saatlarda...
İsrail ordusu İordan çayının qərb sahilində bayram alış-verişi zamanı mağazaları bağlatdırdı
İsrail ordusu İordan çayının qərb sahilində bayram alış-verişi zamanı mağazaları bağlatdırdı / Reuters

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin cənubunda yerləşən iki Fələstin qəsəbəsinə girərək, Qurban bayramı alış-verişinin ən sıx olduğu saatlarda iş sahiblərini mağazalarını bağlamağa məcbur edib.

Şahidlərin və Fələstin rəsmi mediasının verdiyi məlumata görə, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin cənubunda yerləşən iki Fələstin qəsəbəsinə basqın təşkil edərək iş sahiblərini mağazalarını bağlamağa məcbur edib və yerli sakinlərə hücum edib.

Basqınlar Qurban bayramı hazırlıqları səbəbindən qəsəbə mərkəzlərinin izdihamlı olduğu saatlarda və Fələstin hökumətinin dövlət işçilərinin maaşlarının bir hissəsini ödəməsindən sonra həyata keçirilib.

Əsas basqın Əl-Xəlilin (Hebron) cənubundakı Dura qəsəbəsində intensivləşib. Şahidlər Türkiyənin “Anadolu” agentliyinə bildiriblər ki, İsrail hərbi maşınları böyük izdihamın olduğu vaxtda qəsəbə mərkəzinə daxil olub, əsgərlər küçələrə yayılaraq gözyaşardıcı qaz atıb və obyekt sahiblərini mağazalarını bağlamağa məcbur edib.

Şahidlər əsgərlərin bir neçə gənci topladığını, gözlərini bağladığını və onları döyərək mağazalardan birinin qarşısında gözlətdiyini qeyd ediblər.

“Fələstinin Səsi” radiosu xəbər verib ki, İsrail ordusunun Beytləhm şəhərinin cənubundakı Beyt Fəccar qəsəbəsinə təşkil etdiyi basqın zamanı fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaranıb.

Fələstin Muxtariyyətinin Divar və Yaşayış Məskənlərinə Qarşı Müqavimət Komissiyasının aylıq hesabatına görə, İsrail işğalçıları aprel ayında işğal altındakı Şərqi Qüds daxil olmaqla, İordan çayının qərb sahilində fələstinlilərə və onların əmlakına qarşı 540 hücum törədiblər.

Bu hücumlar İsrail ordusunun 2023-cü ilin oktyabrında Qəzzada başlatdığı soyqırımdan bəri işğal altındakı İordan çayının qərb sahilində qətl, saxlama, evlərdə axtarış və əmlaka ziyan vurma ilə nəticələnən şəhər və qəsəbə basqınlarını artırdığı dövrə təsadüf edib.

Rəsmi rəqəmlərə görə, həmin tarixdən bəri İsrail ordusunun və işğalçıların İordan çayının qərb sahilindəki hücumlarında 1 162 fələstinli həyatını itirib, 12 245 nəfər yaralanıb və təxminən 23 min nəfər saxlanılıb.