Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında keçirilən yüksək səviyyəli danışıqlardan sonra iki ölkə arasında iqtisadiyyat, enerji, nəqliyyat və beynəlxalq əməkdaşlıq sahələrini əhatə edən 20 sənəd imzalanıb.
Tərəflərin qəbul etdiyi birgə bəyannamə Moskva ilə Pekin arasında strateji tərəfdaşlığı dərinləşdirməyi, eləcə də çoxqütblü dünya nizamının formalaşdırılmasını hədəfləyir. Görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Vladimir Putin Rusiya və Çinin qlobal bazarlardakı dalğalanmalardan və xarici təzyiqlərdən qorunmaq üçün sabit ikitərəfli ticarət sistemi qurduğunu bəyan edib. Rusiya lideri qarşılıqlı hesablaşmalarda rubl və yuana keçidin iqtisadi əlaqələri kənar təsirlərdən qoruduğunu və artıq bütün ixrac əməliyyatlarının milli valyutalarla həyata keçirildiyini vurğulayıb.
Enerji sahəsindəki əməkdaşlığa toxunan Putin Rusiyanın Çinə fasiləsiz neft və qaz tədarükünü davam etdirəcəyini, həmçinin "Rosatom" dövlət korporasiyasının Çindəki atom elektrik stansiyalarında yeni enerji bloklarının inşasını planlaşdırdığını bildirib. Rusiya-Çin tərəfdaşlığını beynəlxalq arenada sabitləşdirici amil kimi xarakterizə edən prezident, sadələşdirilmiş viza rejiminin turizmə müsbət təsir göstərdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu çərçivədə 2025-ci ildə Çinə 2 milyondan çox rusiyalı, Rusiyaya isə 1 milyondan çox Çin vətəndaşı səfər edib.













