ABŞ Prezidenti Donald Tramp bazar ertəsindən etibarən tərəfsiz xarici gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinə şərait yaradılacağını elan edib. Bu addımı "humanitar jest" adlandıran Donald Tramp bölgədəki bir çox gəminin əsas ehtiyacları təmin etməkdə çətinlik çəkdiyini vurğulayıb.
İsrailin "Kan News" media orqanına müsahibə verən Donald Tramp İranın müharibəni dayandırmaqla bağlı son təklifini nəzərdən keçirdiyini, lakin onu "qəbuledilməz" hesab etdiyini bildirib. D.Trampın Tehranın şərtlərini rədd etməsinə baxmayaraq, ABŞ bazar günü İranın 14 bəndlik təklifinə qarşı yeni razılaşma layihəsi təqdim edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mayın 4-dən etibarən naviqasiya azadlığının bərpası məqsədilə "Azadlıq layihəsi"ni dəstəkləməyə başlayacağını təsdiqləyib. Bu müdafiə missiyasına idarə olunan raket esminesləri, 100-dən çox təyyarə və 15 min hərbi qulluqçu cəlb olunub. Admiral Bred Kuper bu addımın regional təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb etdiyini və ABŞ-ın dəniz blokadasını davam etdirdiyini qeyd edib.
Qeyd edək ki, Hörmüz boğazında gərginlik artmaqda davam edir. Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) BƏƏ-nin Fuceyra şəhərindən təxminən 125 kilometr şimalda bir tankerin naməlum obyektlər tərəfindən vurulduğunu bildirib. Heyət üzvlərinin təhlükəsizlikdə olduğu qeyd edilsə də, hücumun mənbəyi hələlik məlum deyil. İran Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi isə Trampın bəyanatlarına sərt reaksiya verərək ABŞ-nin boğaza hər hansı müdaxiləsinin atəşkəsi pozacağı barədə xəbərdarlıq edib. Vaşinqtonun təklif etdiyi rejimi rədd edən İ.Əzizi strateji boğazın sosial media paylaşımları ilə idarə oluna bilməyəcəyini vurğulayıb.










