İslam Əməkdaşlıq Təşkilatı (İƏT) BMT Təhlükəsizlik Şurasını Qəzzada atəşkəslə kifayətlənməyib, İsrail işğalına tamamilə son qoymağa çağırıb və İsrailin fələstinli mülki şəxslərə, müqəddəs məkanlara və qonşu dövlətlərə qarşı artan pozuntularını pisləyib.
İƏT adından Şuranın Yaxın Şərq mövzusundakı açıq iclasına sədrlik edən Türkiyənin BMT-dəki xüsusi nümayəndəsi Əhməd Yıldız qrupun "Qəzza üçün atəşkəs razılaşmasını və Təhlükəsizlik Şurasının 2803 saylı qərarı çərçivəsində razılaşmanın ikinci mərhələsinin başlamasını məmnuniyyətlə qarşıladığını", lakin "Qəzzada və işğal altındakı digər Fələstin torpaqlarında vəziyyətin ağır olaraq qaldığını, Fələstin xalqının İsrailin qanunsuz işğalı altında saysız-hesabsız çətinliklər və faciələr yaşamağa davam etdiyini" bildirib.
Əhməd Yıldız İsrailin Fələstin torpaqlarında "yeni müstəmləkə yaşayış məskənlərini genişləndirmək" barədə son qərarı ilə yanaşı, Qəzzada əksəriyyəti qaçqın və köçkün olan mülki şəxslərə qarşı törədilən əməllərin, İordan çayının qərb sahilindəki məskunlaşanların zorakılığının, həmçinin mülki əhaliyə, məktəb və ibadət yerləri daxil olmaqla infrastruktura yönəlmiş şiddətli hücumların intensiv şəkildə davam etdiyini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatı "Yaxın Şərqdə qalıcı sülhün İsrailin Suriyadakı işğal olunmuş Qolan təpələri də daxil olmaqla, bütün işğal altındakı ərəb torpaqlarından tamamilə çəkilməsini və Təhlükəsizlik Şurasının 242 (1967), 338 (1973) və 497 (1981) saylı qərarlarına tam əməl olunmasını tələb etdiyini" bir daha qeyd edərək, "İsrailin 8 dekabr 2024-cü ildən bəri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və 1974-cü il Qoşunların Ayrılması sazişinə zidd olaraq Suriya ərazisinə etdiyi hücumları" pisləyib.
Təşkilat həmçinin Livandakı qarşıdurmaların sona çatmasını məmnuniyyətlə qarşılayıb, Livanın suverenliyinə dəstəyini yenidən ifadə edib və "UNIFIL heyətinə və obyektlərinə qarşı hücumları şiddətlə pislədiyini" bildirərək, sülhməramlı əsgərlərin həlak olması ilə bağlı İndoneziya və Fransaya başsağlığı verib.
Regional gərginlik
Türkiyənin BMT-dəki xüsusi nümayəndəsi Əhməd Yıldız deyib: "İsrailin beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və hətta ən təməl hərbi prinsiplərə qarşı davamlı və kütləvi hörmətsizliyinin cəzasız qalması bu Şura tərəfindən dərhal araşdırılmalıdır”.
Ə.Yıldız həmçinin İranı da əhatə edən hadisələr daxil olmaqla, daha geniş regional gərginliyin beynəlxalq sülh və iqtisadi sabitlik üçün ciddi risklər yaratdığını, qlobal ticarətə, enerji və ərzaq təhlükəsizliyinə təsir etdiyini qeyd edib.
ABŞ-İsrail-İran müharibəsində "diplomatiyanın qalıcı bir həllə nail olmağın yeganə yolu olduğuna" inandıqlarını bildirən Yıldız Türkiyənin regional aktorların ABŞ və İran arasında gərginliyin daha da artmasının qarşısını almaq, habelə davam edən diplomatik təşəbbüslər və dialoqu sürdürmək səylərini dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabrında başlayan soyqırımda Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 72 500-dən çox fələstinlini qətlə yetirib.
Təl-Əviv Livanda 2 martdan bəri ən azı 2 534 nəfəri öldürüb, 7 863 nəfəri yaralayıb və 1,6 milyondan çox insanı yurdundan didərgin salıb.












