Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Azərbaycanın Qəbələ şəhərinə işgüzar səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən V.Zelenski bildirib ki, Rusiyanın müharibəni bitirmək üçün iradə göstərməsi Ukrayna üçün çox vacibdir.
Prezident V.Zelenski ölkə başçısı İ.Əliyevlə sülh səylərini müzakirə etdiklərini bildirərək, Rusiyanın diplomatiyaya hazır olması halında, yaxın gələcəkdə Azərbaycanda üçtərəfli sülh danışıqlarının keçirilməsinə razı olduğunu vurğulayıb.
Azərbaycanın şimalında yerləşən Qəbələ şəhərində keçirilən görüş zamanı V.Zelenski təhlükəsizlik də daxil olmaqla müxtəlif sahələr üzrə altı sənədin imzalandığını bildirib. Qeyd olunub ki, Ukrayna Yaxın Şərqdə davam edən münaqişə fonunda rəsmi Kiyevin pilotsuz uçuş aparatları sahəsindəki təcrübəsini bölüşməyi hədəfləyir.
Həmçinin Prezident V.Zelenski iki ölkənin müdafiə sənayelərinin birgə inkişafına dair razılaşmaları “çox ciddi addım” kimi qiymətləndirib.
Dövlət başçısı İlham Əliyevlə birgə çıxış edən V.Zelenski vurğulayıb ki, ukraynalı pilotsuz uçuş aparatları üzrə mütəxəssislər Xəzər dənizi sahilində yerləşən və Rusiyanın cənubu ilə həmsərhəd olan Azərbaycan ərazisində artıq fəaliyyət göstərirlər.
İlham Əliyev isə bildirib ki, Kiyev rəhbərliyi ilə rəsmi Bakı ciddi əməkdaşlıq içərisindədir və bu, səfər zamanı bir daha təsdiqlənib.
Azərbaycan Prezidenti qeyd edib ki, iki lider hazırda 500 milyon ABŞ dollarından artıq olan ikitərəfli ticarət dövriyyəsinin artırılması məsələsini də müzakirə ediblər.
Ölkə rəhbəri İ.Əliyev əlavə edib ki, siyasi dialoqla yanaşı, tərəflər enerji sahəsində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Rusiya–Ukrayna sülh danışıqları bir neçə dəfə keçirilsə də, ABŞ-nin İranla bağlı münaqişəsi bu prosesi dayandırıb.
Xatırladaq ki, Moskva rəhbərliyi ilə rəsmi Bakı arasında münasibətlər 2024-cü ildə Azərbaycan sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurularaq qəzaya uğraması və 38 nəfərin həyatını itirməsindən sonra zəyifləyib.











