Fələstin tərəfdarları Nyu-Yorkda "The New York Times" qəzetinin binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın keçirilməsinə səbəb nəşrin İsrailin Qəzzadakı hərbi əməliyyatları, eləcə də Fələstin və Livan ərazilərindəki fəaliyyətini qərəzli işıqlandırması olub.
Binanın girişində toplaşan nümayişçilər "The New York Times, sən yalançısan!" şüarlarını səsləndirərək media qurumunu tərəf saxlanmaqda təqsirləndiriblər.
Polis Manhettendə yerləşən binanın ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. "The New York Times" rəhbərliyi isə aksiya ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrından Qəzzada hərbi əməliyyatları davam etdirir. İsrail Livanın cənubunda birtərəfli qaydada elan etdiyi "bufer zona"da hərbi mövcudluğunu qoruyur. Livan rəhbərliyi və BMT bu addımı atəşkəs rejiminin pozulması və işğal kimi qiymətləndirir.





















