Fələstin Təhsil Nazirliyi İsrailin son 24 saat ərzində Qəzzada 3 şagirdi qətlə yetirdiyini bildirib. Nazirlik uşaqların qorunması üçün beynəlxalq addımların atılmasına çağırış edib.
Nazirlikdən verilən yazılı açıqlamada Qəzzadakı şagirdlərin həyatını təhdid edən təhlükələrin artdığı vurğulanıb.
Açıqlamada İsrailin son olaraq 3 şagirdi öldürdüyünə diqqət çəkərək Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) və beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edilib. Açıqlamada uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların məktəblərə və təhsil məntəqələrinə təhlükəsiz çatmasının zəmanət altına alınması, həmçinin törədilən hüquq pozuntularının sənədləşdirilməsi tələb olunub.
Qeyd edək ki, yerli media orqanlarının yaydığı məlumata görə, fələstinli uşaqlardan ikisi İsrail hərbçilərinin açdığı atəş nəticəsində qətlə yetirilib. Bir uşaq isə məktəbdən evə qayıdarkən hava hücumu nəticəsində həlak olub.



























