Rusiya ilə Ukrayna arasındakı gərginlik gecə saatlarında da davam edib. Tərəflər gecə boyu bir-birinin ərazisinə kütləvi hücumlar həyata keçiriblər. Ukrayna Moskva istiqamətinə genişmiqyaslı dron hücumu təşkil edib, Rusiya qüvvələri isə Ukraynanın sənaye obyektlərini, enerji və dəniz infrastrukturunu hədəf alıb.
Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə yarısından etibarən paytaxta doğru uçan Ukraynaya məxsus 195 PUA-nı zərərsizləşdirib. Sobyaninin sözlərinə görə, fövqəladə hallar xidmətinin əməkdaşları vurulan dronların qalıqlarının düşdüyü ərazilərdə araşdırma aparır.
Rusiyanın Mülki Aviasiya Agentliyi ("Rosaviasiya") hücumlar səbəbindən Moskvanın "Domodedovo" və "Vnukovo" hava limanlarında uçuşların müvəqqəti dayandırıldığını bəyan edib.
Rusiya Müdafiə Nazirliyi gecə boyu Ukraynadakı strateji obyektlərə, o cümlədən ölkənin ən böyük metallurgiya müəssisəsi olan Krivoy Roqdakı zavoda və Odessa limanındakı gəmilərə zərbələr endirildiyini açıqlayıb.
Qeyd edək ki, "ArcelorMittal" şirkətinə məxsus Krivoy Roq polad zavodu sentyabr ayında Rusiyanın raket hücumlarından sonra fəaliyyətini dayandırmışdı. Şirkət son hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Rusiya tərəfi həmçinin Jitomirdəki elektrik yarımstansiyasının, Zaporojyedəki digər polad zavodunun və Lutskdakı avtomobil təmiri müəssisəsinin vurulduğunu bildirib. Nazirliyin məlumatında Qara dənizdə Odessaya hərbi texnika və ikili təyinatlı yüklər daşıdığı iddia edilən iki yük gəmisinə də zərbə endirildiyi qeyd olunub.



















