"Türkiyə müəyyən müddətdir ki, onu əhatə edən böhranlara baxmayaraq, sabitlik, təhlükəsizlik və əmin-amanlıq adası kimi mövqeyini hər keçən gün daha da möhkəmləndirir".
Bu barədə dövlət başçısı Ərdoğan Prezident İqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Ərdoğan "Husilər tərəfindən 10 oktyabrda Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını hədəf alan, 12 nəfərin həyatını itirdiyi və 309 nəfərin yaralandığı hücumları ən kəskin şəkildə lənətləyirik", -deyə bildirib.
Türkiyənin yerləşdiyi regiondakı münaqişə zonalarına hər gün yenilərinin əlavə olunduğuna diqqət çəkən Ərdoğan bunları deyib:
"Livandan Yəmənə və İrana qədər uzanan xətdə gərginlik artmaqda, xüsusilə proksi qüvvələr vasitəsilə fərqli maraqlar reallaşdırılmağa səy göstərilir. Türkiyə müəyyən müddətdir ki, onu əhatə edən böhran qurşağına baxmayaraq, sabitlik, təhlükəsizlik və əmin-amanlıq adası kimi mövqeyini hər keçən gün daha da möhkəmləndirir. Regional mülkiyyət və məsuliyyət anlayışı ilə fikir ayrılıqlarının döyüş meydanında deyil, danışıqlar masasında diyaloq və diplomatiya yolu ilə həllini müdafiə edirik. Suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət bizim əsas prinsipimizdir. Bizim qənaətimizə görə, bölünmə və parçalanma yalnız regionumuzu qan gölünə çevirmək istəyən bədxah qüvvələrin maraqlarına xidmət edəcəkdir.
Bu istiqamətdə, husilər tərəfindən 10 oktyabrda Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanını hədəf alan, 12 nəfərin həyatını itirdiyi və 309 nəfərin yaralandığı hücumları ən kəskin şəkildə lənətləyirik. Aralarında ümrə ziyarəti edənlərin də olduğu vəfat edən qardaşlarımıza uca Allahdan rəhmət, yaralı qardaşlarımıza təcili şəfalar diləyirik. Türkiyə hüquqdan və insanlıqdan kənar hücumlar qarşısında Səudiyyə Ərəbistanının və səudiyyəli qardaşlarının yanındadır".
Prezident Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqustda imzalanan Birgə Müdafiə Sazişinin (Məkkə Sazişi) təşkilati əsaslarının formalaşdırılması istiqamətində işlərin davam etdiyini də diqqətə çatdırıb.
















