Yəmən ordusu husilərə məxsus hərbi mövqelərə qarşı həyata keçirilən 1 732 əməliyyatda 900-dən çox üzvün zərərsizləşdirildiyini və 287-dən çox hərbi nəqliyyat vasitəsinin məhv edildiyini və ya yararsız hala salındığını bildirib.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi polkovnik Macid Abdullah ən-Nəzili verdiyi bəyanatda "Yəmən Şəfəqi" əməliyyatı çərçivəsində ordu birləşmələrinin hücumları zamanı 1 732 əməliyyatın həyata keçirildiyini qeyd edib.
Nəzili döyüş təyyarələri, pilotsuz uçuş aparatları (PUA), səhra topçusu və raketatarlar vasitəsilə təşkil edilən əməliyyatlarda husilərə məxsus istehkamların, komanda-nəzarət mərkəzlərinin, müşahidə məntəqələrinin, döyüş sursatı anbarlarının və dərinliklərdə yerləşən yüksək dəyərli hərbi hədəflərin vurulduğunu diqqətə çatdırıb.
Bu zərbələr sayəsində husilərin atəş mənbələrinin susdurulduğunu vurğulayan Nəzili komanda-nəzarət sistemlərinin sıradan çıxarıldığını və təchizat xəttlərinin kəsildiyini ifadə edib.
Nəzili 1 732 hədəfə alma əməliyyatında 900-dən çox üzvün zərərsizləşdirildiyini, 287-dən çox hərbi nəqliyyat vasitəsinin məhv edildiyini və ya yararsız hala salındığını xüsusi vurğulayıb.
Yəmən qüvvələrinin qanunsuz silahlı dəstələrin müdafiə xətlərini yarmağa və irəliləyişini davam etdirdiyinə diqqət çəkən Nəzili əməliyyatın plana uyğun olaraq sürəcəyini bildirib.
Əməliyyatların baş verdiyi ərazilər və zaman intervalı haqqında məlumat verilməyib.
Məsələ ilə bağlı husilər tərəfindən hələlik heç bir bəyanat verilməyib.
Yəmən Rəyasət Heyəti Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi 5 oktyabrda dövlət televiziyasında yayımlanan müraciətində husilərin nəzarətində olan torpaqların geri alınması və dövlət suverenliyinin ölkənin tamamında bərqərar olunması üçün genişmiqyaslı hərbi əməliyyatlara başladıqlarını bəyan etmişdi.
Yəməndə husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bəzi vilayətlərin nəzarətini ələ keçirməsindən sonra vətəndaş müharibəsi başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci ilin martında Yəmən hökumətinə dəstək vermək məqsədilə ölkəyə hərbi müdaxilə edib.
İyul ayında başlayan toqquşmalar 2022-ci ilin aprelində qüvvəyə minən atəşkəsin təmin etdiyi nisbi sakitlikdən sonra baş verən ən genişmiqyaslı qarşıdurmalardan biri olub.
Sentyabrda toqquşmaların şiddəti artarkən husilər Hudeydə və Taiz vilayətlərində strateji əhəmiyyətə malik Əl-Maha (Moxa) şəhəri daxil olmaqla bəzi mühüm ərazilərin nəzarətini ələ keçirib və Bab əl-Məndəb boğazına baxan Meyyun adasına qədər irəliləyiblər.






















