BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Rusiya və Ukrayna arasında davam edən hücumlarla bağlı narahatlığını dilə gətirib.
Volker Türk yaydığı yazılı açıqlamada son dörd gündə Ukraynada mülki şəxslərin həyatına son qoyan hücum dalqasından, xüsusilə Kramatorskda iki ictimai avtobusun hədəf alınması nəticəsində ən azı 30 mülki şəxsin həlak olmasından duyduğu narahatlığı ifadə edib. O qeyd edib ki, ölkənin müxtəlif bölgələrində insan tələfatına səbəb olan bu hücumların miqyası və tətbiq olunan üsullar qətiyyətlə pislənilməlidir.
Oktyabrın 5-dən etibarən Rusiyanın həyata keçirdiyi hücumlar nəticəsində 85-dən çox mülki şəxsin həlak olduğu, 346 nəfərin isə yaralandığı açıqlanıb. Volker Türk elektrik yarımstansiyaları və istehsal müəssisələrinə endirilən zərbələr səbəbindən Ukraynanın bir çox bölgəsinin qaranlığa qərq olduğunu, ölkənin növbəli elektrik kəsintiləri ilə üzləşdiyini vurğulayıb.
Mülki şəxslərin hədəf alınmamasının vacibliyini vurğulayan Volker Türk tərəfləri lazımi qoruma tədbirləri görməyə çağırıb. O bildirib ki, iddia edilən pozuntular araşdırılmalı, məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır. Volker Türk mülki şəxslərə qarşı qəsdən edilən hücumların hərbi cinayət hesab oluna biləcəyini deyib.


















