İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqayi rəsmi Tehranın ABŞ-nin təkliflərinə cavabının diplomatik kanallar vasitəsilə çatdırılacağını təsdiqləyib. O, həmçinin Hörmüz boğazında təhlükəsiz dəniz dəhlizlərinin yaradılması istiqamətində Omanla əhəmiyyətli irəliləyiş əldə olunduğunu vurğulayıb.
Beqayinin sözlərinə görə, Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və Körfəzdə dəniz təhlükəsizliyinin bərpası üçün öz şərtlərini irəli sürüb. Tehran və Vaşinqton arasında vasitəçilər vasitəsilə dolayı dialoqun davam etdiyini xatırladan sözçü deyib: "Digər tərəfin təkliflərinə lazımi cavab da vasitəçilər vasitəsilə çatdırılacaq".
Bu açıqlama ABŞ dövlət katibi Marko Rubionun Afinada səsləndirdiyi fikirlərdən sonra verilib. Marko Rubio İranın mübahisəni həll etmək üçün bir çox fürsəti əldən verdiyini və Tehranın strateji su yolu üzərində nəzarəti itirdiyini iddia etmişdi.
Rubionun bəyanatlarını rədd edən İ. Beqayi Vaşinqtonun 2018-ci ildə 2015-ci il nüvə sazişindən birtərəfli çıxmasına və diplomatik proseslər zamanı davam edən hərbi hücumlarına diqqət çəkərək deyib: "Tarixi faktları təhrif etmək ABŞ-nin öhdəliklərini dəfələrlə pozması faktını ortadan qaldıra bilməz".
İ.Beqayi bildirib ki, Tehran və Maskat arasındakı ikitərəfli danışıqlar nəticəsində Hörmüz boğazından gəmilərin təhlükəsiz giriş-çıxışı üçün dəqiq coğrafi koordinatlar müəyyənləşdirilib. Razılaşdırılmış qaydalar yaxın vaxtlarda beynəlxalq dənizçilik orqanlarına təqdim olunacaq.
İran prezidenti Məsud Pəzaşkian daha əvvəl Vaşinqtonu keçmiş diplomatik təşəbbüslər zamanı hücumlara başladığına görə tənqid etsə də, xarici işlər naziri Abbas Əraqçi ədalətli danışıqların hələ də sülhə yol aça biləcəyini bildirmişdi.
















