Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın həyata keçirdiyi hücumlar nəticəsində azı 11 nəfər həlak olub. Məlumata əsasən, beş nəfər Priluki şəhərində yaşayış binasının dağılması nəticəsində ölüb.
Volodimir Zelenski həmçinin Dnepr və Kremençuk şəhərlərində çoxmərtəbəli binalara endirilən raket zərbələri nəticəsində iki nəfərin, Aleksandriyada isə daha iki nəfərin həyatını itirdiyini bildirib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Darnitski rayonunda baş verən yanğında da iki nəfər ölüb.
Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus Prilukidə çoxmərtəbəli binaya endirilən raket zərbəsi nəticəsində ən azı 5 nəfərin öldüyünü, 25 nəfərin isə yaralandığını təsdiqləyib. Poltava qubernatoru Vitali Dyakivniç bölgəsində iki nəfərin həlak olduğunu və yeddi nəfərin yaralandığını açıqlayıb. Dnepropetrovsk qubernatoru Aleksandr Hanja sənaye müəssisələrinin, çoxmərtəbəli binaların və idman klubunun hədəf alındığı hücumlarda iki nəfərin yaralandığını bildirib. Zaporojye vilayətinin qubernatoru Mixaylo Semikin isə nəqliyyat infrastrukturu obyektinə zərbə endirildiyini qeyd edib.
Volodimir Zelenski Rusiyanın əsas hədəflərindən birinin enerji infrastrukturu olduğunu vurğulayaraq rəsmi Moskvanın "Şahid" tipli dronlarla yanaşı, əksəriyyəti ballistik olmaqla 70-ə yaxın raket atdığını bildirib.
Rusiya Müdafiə Nazirliyi qüvvələrinin Kiyev və digər bölgələrdəki Ukrayna hərbi-sənaye obyektlərinə qarşı "genişmiqyaslı hücum" həyata keçirdiyini açıqlayıb. Nazirlik həmçinin hava hücumundan müdafiə sistemlərinin Qara dəniz, Azov dənizi və Krım daxil olmaqla 16 bölgədə Ukraynaya məxsus 311 dronu vurduğunu irəli sürüb.

















