Rusiyanın İrkutsk şəhərindəki laboratoriya işçisinin şübhəli ölümü ölkədə vəba ilə bağlı narahatlıqlara səbəb olub, ABŞ isə vəziyyəti yaxından izlədiyini açıqlayıb.
Məlumat görə, Vəba ilə Mübarizə İnstitutunun laboratoriya texniki olan 28 yaşlı Darya Şipilova vəfat edib. Rusiya mətbuatı gənc qadının vəba patogeni olan qırıq sınaq şüşəsinə toxunduğu üçün xəstələndiyini irəli sürüb. Ehtiyat tədbiri olaraq təxminən 200 nəfərin karantinə alındığı bildirilib.
‘‘Rospotrebnadzor’’ (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti) Şipilovanın naməlum pnevmoniyadan öldüyünü təsdiqləsə də, iddiaları təkzib edib. Qurum institutda heç bir qəzanın baş vermədiyini, son 10 gündə heç bir əməkdaşın yoluxma şikayəti ilə müraciət etmədiyini və aparılan ətraflı müayinələrin ölümün peşə fəaliyyəti ilə əlaqəli olmadığını göstərdiyini bəyan edib. Bölgədə ictimai səhiyyə vəziyyətinin stabil olduğu vurğulanıb.
Hadisə beynəlxalq səviyyədə də diqqət çəkib. ABŞ Dövlət Departamentinin rəsmisi İrkutskdakı şübhəli məlumatlardan xəbərdar olduqlarını, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) və digər qurumlarla vəziyyəti izlədiklərini bildirərək Rusiya hakimiyyətini dəqiq məlumatları ictimaiyyətlə paylaşmağa çağırıb.
Qeyd edək ki, "Yersinia pestis" bakteriyasının səbəb olduğu vəba xəstəliyinin ən ölümcül forması olan pnevmonik vəba müalicə olunmadıqda bir neçə gün ərzində ölümə səbəb ola bilir.




















