DÜNYA
3 dəqiqə oxuma
ABŞ 23 il əvvəl işğal etdiyi İraqdan geri çəkilmə prosesini başa çatdırdığını elan etdi
İraqın Baş naziri Əli əz-Zeydi: "30 sentyabr 2026-cı il yaddaşlarda qalacaq bir gündür."
ABŞ 23 il əvvəl işğal etdiyi İraqdan geri çəkilmə prosesini başa çatdırdığını elan etdi
İraq Baş naziri Əli əz-Zeydi: "30 sentyabr 2026 yaddaşlarda qalacaq bir gün"

ABŞ ordusu 2003-cü ildə işğal etdiyi İraqdan çıxış prosesini başa çatdırdığını bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Şon Parnell (Sean Parnell) çıxış prosesi ilə bağlı yazılı bəyanat yayıb.

Parnell ABŞ ilə İraq arasında 2024-cü ilin sentyabr ayında əldə olunmuş birgə bəyanat və "ABŞ-nin milli maraqları" çərçivəsində ABŞ və koalisiya qüvvələrinin İraqdan çıxış prosesini yekunlaşdırdıqlarını qeyd edib.

ABŞ-nin İraqdakı işğalı dövründə regiondakı terror təhlükəsinin dəf edildiyini iddia edən Parnell: "Peşmərgə və Şimali İraqdakı digər təhlükəsizlik qüvvələri də daxil olmaqla, İraq Təhlükəsizlik Qüvvələrinin İraqın təhlükəsizliyini təmin etmək və İŞİD qalıqlarının zərərsizləşdirilməsinə yönəlmiş davamlı səylərə rəhbərlik edəcəyini gözləyirik", — ifadələrinə yer verib.

Parnell Pentaqonun İraqa təlim və kəşfiyyat dəstəyi verməyə davam edəcəyinə diqqət çəkərək: "ABŞ sərhədlərini qoruyan, xalqını mühafizə edən və iki ölkə arasında daha dərin ticarət, diplomatiya və təhlükəsizlik əməkdaşlığının təməlini qoyan güclü və suveren İraqı dəstəkləyir", — mesajını ünvanlayıb.

Digər tərəfdən, İraqın Baş naziri Əli əz-Zeydi də ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədə terror təşkilatı İŞİD-lə mübarizə missiyasının başa çatdığını bildirib.

Zeydi paytaxt Bağdadda "Suverenlik Günü" və beynəlxalq koalisiyanın xidmət müddətinin başa çatması münasibətilə təşkil edilən rəsmi mərasimdə çıxış edib.

İraq təhlükəsizlik qüvvələrinin illərlə çəkən "fədakarlıqları və qəhrəmancasına" səyləri sayəsində ölkənin bütün ərazisində təhlükəsizliyin və nəzarətin təmin edildiyini qeyd edən Zeydi, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki İŞİD-lə mübarizə missiyasının rəsmən sona çatdığını və 30 sentyabr 2026-cı ilin "yaddaşlarda qalacaq bir gün" olduğunu deyib.

Beynəlxalq koalisiyanın İŞİD-lə mübarizə tapşırığının başa çatmasının dost ölkələr və xalqlar arasındakı əməkdaşlığın "radikalizm və vəhşiliyin ən qaranlıq dövlərindən birünə qarşı qələbə qazandırdığını" göstərdiyini ifadə edən Zeydi, İraq xalqının silahlı qüvvələrlə birlikdə apardığı mübarizənin ordunun yenidən qurulmasına yol açdığını vurğulayıb.

Dost ölkələrin bu kritik mübarizədə İraqa dəstək verdiyini dilə gətirən Zeydi, İraq silahlı qüvvələrinin də sıralarını yenidən nizama salaraq silah və texnika baxımından möhkəmləndiyini bildirib.

Beynəlxalq koalisiyaya qoşulan ölkələrə və İraq təhlükəsizlik qüvvələri ilə çiyin-çiyinə çalışan komandir, zabit, təlimçi və məsləhətçilərə təşəkkür edən Zeydi, koalisiyanın missiyasının başa çatmasının terrorla mübarizənin bitməsi mənasına gəlmədiyini vurğulayıb.

Zeydi bu addımın İraqın təhlükəsizlik və sabitliyinin bütün məsuliyyətini öz üzərinə götürəcəyi yeni bir dövrə keçid olduğunu qeyd edib.

İraqın Baş naziri Zeydi: "Qanunun çətiri xaricində silah, dövlət qurumlarından kənarda güc olmayacaq", — ifadələrini işlədib.

Səddam Hüseyn rejimini devirmək üçün 2003-cü ilin martında İraqı işğal edən ABŞ-nin bu ölkədə məlum 9 hərbi bazası var idi. ABŞ 2011-ci ildə də İraqdan geri çəkilsə də, buradakı varlığını sözügedən hərbi bazalarla gücləndirmişdi.

ABŞ-nin 2003-cü ildə İraqı işğal etməsilə başlayan hərbi varlığı illərlə davam edən dağıntılar və ağır insan tələfatının ardından başa çatarkən, arxada böyük bir bəşəri faciə qaldı.