Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Myanmanın Rakhayn ştatında 50 nəfərin ölümünə səbəb olan hava hücumunu kəskin şəkildə pisləyib.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib ki, sentyabrın 28-də Rakhayn ştatında 50 nəfərin ölümünə və təxminən 60 nəfərin yaralanmasına səbəb olan hava hücumu ilə bağlı xəbərlər narahatlıq doğurur.
Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğunu bildirən Stefan Dujarrik həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, Baş katib Antonio Quterreşin bütün tərəfləri dərhal zorakılığa son qoymağa çağırdığını və hücuma görə məsuliyyət daşıyanların cavab verməli olduğunu vurğulayıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk də öz növbəsində Rakhayn ştatında bir bazarın yaxınlığında törədilən və ən azı 50 dinc sakinin həyatına son qoyan hücumları qınayıb.






















