Etirazçıların əsas tələbləri arasında təhsil sisteminə daha çox insan və maliyyə resurslarının ayrılması, müəllim çatışmazlığı, məktəb binalarının vəziyyəti və dərs cədvəllərinin sıxlığı ilə bağlı məsələlər yer alır.
Fransa rəsmiləri şagirdlərin bir həftədir davam etdirdiyi, onlarla məktəb işçisinin yaralanmasına və təxminən 2 000 nəfərin saxlanılmasına səbəb olan etiraz aksiyası nəticəsində cümə günü ölkə miqyasında təxminən 400 litseyin bağlandığını elan ediblər.
Ötən həftə Paris bölgəsində başlayan və sürətlə ölkə miqyasına yayılan aksiyalar çərçivəsində liseyin sonuncu sinif şagirdləri məktəblərə girişləri əngəlləyərək polislə qarşıdurmaya giriblər.
Şagirdlər dərs saatlarının həddindən artıq uzun olmasından, dözülməz dərəcədə isti olan sinif otaqları da daxil olmaqla məktəb şəraitinin qeyri-qənaətbəxşliyindən və bir çox kadrın iş yerində olmamasından şikayət edirlər. Hökumət isə şikayətlərin haqlı olduğunu, lakin zorakılığın qəbuledilməzliyini bildirir.
Təhsil naziri Eduar Geffre “lisey şagirdlərinin aksiyalarının ifrat zorakılıq tərəfdarı olan marjinal qruplar tərəfindən girov götürüldüyünü” qeyd edərək, ölkədəki 3 700 liseydən təxminən 400-nün cümə günü bağlı olmasının gözlənildiyini əlavə edib.
Xüsusilə cənubdakı Marsel şəhərində bir çox lisey dərsləri distant (onlayn) keçirmək qərarı alıb.
Geffre BFMTV-yə verdiyi müsahibədə aksiyalar başlayandan bəri 40 lisey direktoru da daxil olmaqla ən azı 65 məktəb işçisinin yaralandığını diqqətə çatdırıb.
Nazir deyib: “Valideynlər açıq şəkildə prosesə müdaxilə etməli və övladlarına etirazlara getməməyi tapşırmalıdırlar. Hazırda vacib olan uşaqlarımızın artıq küçələrdə olmamasını təmin etməkdir, çünki onlar təhlükə altındadırlar”.
Ədliyyə naziri Jerald Darmanən prokurorlardan övladlarının törətdiyi ziyanla bağlı valideynlərin mülki məsuliyyətə cəlb olunmasını və təmir xərclərinin onlardan tələb edilməsini istəyib.
Nazirin RTL telekanalına verdiyi açıqlamaya görə, etirazların başlanmasından indiyədək Fransada təxminən 2 min nəfər polis nəzarətinə götürülüb və onların 90 faizi yetkinlik yaşına çatmayanlardır.




















