ABŞ-nin xarici işlər naziri Marko Rubio Yunanıstanın paytaxtı Afinaya rəsmi səfər edib. Səfər çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis ilə ikitərəfli görüş keçirən M.Rubio mətbuat konfransında çıxış edib.
İranla bağlı məsələlərə toxunan M.Rubio deyib: "İran heç vaxt nüvə silahına sahib olmayacaq, vəssalam. Prezident Donald Tramp vəzifədə olduğu müddətdə onlar buna nail ola bilməyəcəklər. Bu, bizim üçün qırmızı xəttdir".
M.Rubio Tehran hakimiyyətinin keçmişdə bu məsələdə razılıq əldə etmək üçün təqdim olunan bir çox fürsəti dəyərləndirmədiyini qeyd edib.
İranın özünü "toxunulmaz" etmək dərəcəsində böyük konvensional hərbi potensial yaratmağa çalışdığını iddia edən M.Rubio rəsmi Tehranın raket və pilotsuz uçuş aparatı (PUA) imkanlarını gücləndirdiyini bildirib. Nazirin sözlərinə görə, İran bununla nüvə proqramına olası müdaxilələrin qarşısını almağı və tərəfləri çəkindirməyi hədəfləyib.
M.Rubio İranın artıq PUA proqramının, istehsal gücünün və raket potensialının məhv edildiyini vurğulayıb. O, mövcud buraxılış sistemlərinin də zəiflədildiyini bildirərək, ölkənin bu gün hərbi baxımdan keçmişlə müqayisədə çox daha zəyif olduğunu vurğulayıb.
İranın "ağır sanksiyalarla" üz-üzə qaldığını deyən M.Rubio İran iqtisadiyyatının çətin vəziyyətdə olduğunu iddia edib.
Bununla yanaşı Hörmüz boğazının açıq olduğunu bildirən M.Rubio oradan keçən neftin həcminin münaqişədən əvvəlki səviyyəyə yaxınlaşdığını diqqətə çatdırıb. O, İranın boğaz üzərindəki nəzarəti "tamamilə itirdiyini" irəli sürüb.
Yekunda isə M.Rubio İran rəhbərliyinin ölkə resurslarını xalqın yaşayış şəraitini yaxşılaşdırmağa deyil, silahlı qruplaşmalara xərclədiyini qeyd edib.




















