Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beştepe” Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan “2026-2027-ci tədris ilinin açılış mərasimi”ndə çıxış edib.
Prezident R.T.Ərdoğanın xitabında önə çıxan vacib məsələlər:
"Yeni tədris ilinin ali təhsil ocaqlarımız başda olmaqla ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Tələbələrimizin yeni bilik və təcrübələr qazanacağı, akademiklərimizin yeni nəşr və tədqiqat fəaliyyətləri ilə fərqlənəcəyi, universitetlərimizin uğurlarına yenilərini əlavə edəcəyi məhsuldar bir tədris ili keçirməyinizi ürəkdən arzu edirəm.
"Akademiya yolunda olmaq bəzən mənzilə çatmaqdan daha faydalıdır"
Keçmişdə universitetlərin əsas məqsədi mövcud biliyi ötürmək idi. XIX əsrdən etibarən mövcud biliyin tədrisinə əlavə olaraq tədqiqat fəaliyyətləri də ön plana çıxmağa başladı. Yəni universitetlər biliyin təkcə tədris olunduğu deyil, eyni zamanda istehsal edildiyi tədqiqat müəssisələrinə çevrildi. Bugünkü universitetlər mövcud biliyi tələbələrə ötürən, tədqiqat fəaliyyətləri ilə yeni biliklər əldə edən, əldə etdiyi bu bilikləri cəmiyyətlə bölüşərək problemlərin həllinə töhfə verən qurumlardır.
"76 olan universitet sayımızı 208-ə çatdırdıq"
Dövlət olaraq təhsilə qoyduğumuz hər bir sərmayəni insanımıza və gələcəyimizə yatırılan investisiya kimi görürük. Son 24 ildə xüsusilə ali təhsil sahəsində inqilabi addımlar atdıq. Hakimiyyətə gəldiyimiz zaman 76 olan universitet sayımızı 208-ə qaldırdıq. Yataqxana sayımızı 190-dan 877-yə çatdırdıq.
"Ali təhsil prosesini Anadolunun dörd bir yanına yaydıq"
Biz son dərəcə keyfiyyətli ali təhsil prosesini Anadolunun dörd bir yanına yaydıq. Hansı sosial təbəqəyə mənsub olmasından aslı olmayaraq bu ölkənin övladları yaşadıqları şəhərlərdə təhsil ala bilsinlər deyə dövlətimizin imkanlarını səfərbər etdik. Varlıların övladları oxuyarkən kasıbların övladlarının ali təhsil imkanından məhrum qalmasını, xəyallarını təxirə salmaq məcburiyyətində olmasını və həyata 5-0 geridə başlamasını istəmədik.
"Qadın akademiklərinin nisbəti 47,17 faizə çatdı"
Eyni şəkildə uzun illər əmək və təhsil hüquqları əllərindən alınan qadınların akademiyada layiq olduqları yerlərə gəlməsinə böyük önəm veririk. Bu çərçivədə universitetlərimizdəki qadın müəllim və tədqiqatçıların payının 47,17 faizə çatmasından böyük məmnunluq hissi keçiririk.
"Dünyanın ən geniş ali təhsil səviyyəsinə sahib ölkələrdən biriyik"
Türkiyə olaraq təxminən 6,3 milyon tələbəmiz, 208 universitetimiz və 190 min akademik heyətimizlə dünyanın ən geniş ali təhsil səviyyəsinə sahib ölkələrdən biriyik. Müstəqil təşkilatların reytinq cədvəllərinə baxdıqda, məqalə və icmal tipli nəşrlərin sayına görə 213 ölkə arasında 15-ci yerdəyik. Xüsusilə tədqiqat universitetlərimizin keyfiyyətli nəşr nisbəti 79 faizlə İƏİT (OECD) ortalamasındadır.
"6 universitetimiz ilk 500-ə daxil oldu"
Beynəlxalq reytinqlərdəki mövqeyimiz qət etdiyimiz məsafəni qlobal miqyasda təsdiqləyir. 2026-cı ildə ikisi ilk 300-də olmaqla, ümumilikdə 6 universitetimiz ilk 500-ə daxil olub. Orta müddətli dövrdə ən azı 2 universitetimizin dünyanın ilk 100 universiteti arasına girməsini hədəfləyirik. Bu uğurlarda əməyi olan akademiklərimizi bu gün bir daha təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzulayıram.
Bunu da bildirmək istəyirəm ki, bu rəqəmlər şübhəsiz ki, vacibdir; lakin bizim nəzərimizdə kifayət deyildir. Heç bir karyera hesabının biliyə, tədqiqata və bəşəriyyətin ortaq xəzinəsinə özünəməxsus töhfələr vermək həvəsinin önünə keçməsinə icazə verə bilmərik. Akademiklərimizdən eyni zamanda dövrümüzə məna qatacaq ideyalar, anlayışlar, modellər, sistemlər və texniki yeniliklər hazırlamalarını gözləyirik. Akademiyanın əsl missiyası bir-birini təkrar edən, ancaq istinad və sitatlardan ibarət işlər yerinə yeni tezislər, yeni arqumentlər və sınanmağı gözləyən yeni ideyalar ortaya qoymaqdır.
Bu düşüncələrlə 2026-2027-ci tədris ilinin bir daha xeyirli olmasını diləyirəm."























