Hakerlər ABŞ, Yaponiya, Polşa və Tayvan başda olmaqla bir neçə ölkədə mühüm infrastrukturları hədəf alıblar.
Federal Təhqiqatlar Bürosu (FTB) keçirdiyi əməliyyat nəticəsində Çin hökuməti ilə əlaqəsi olan "Integrity Technology Group" şirkəti üçün çalışan haker qrupunun kiberhücumlarda istifadə etdiyi proqramları ələ keçirərək sıradan çıxardığını açıqlayıb.
FTB-nin Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinin direktor müavini Ceyson Bilnoski bildirib ki, onların əsas məqsədi kiberhücumları həyata keçirənlərin infrastrukturunu və maliyyə resurslarını hədəf alaraq imkanlarını zəiflətməkdir.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi mərkəzi Pekində yerləşən "Integrity Technology Group" şirkətini 2025-ci ildə saysız-hesabsız kiberhücumlarla əlaqəsinə görə sanksiya siyahısına daxil edib. Avropa İttifaqı da mart ayında həmin şirkətə Avropa və dünyada cihazlara icazəsiz sızmaq üçün proqram təminatı və müvafiq həllər təqdim etdiyinə görə sanksiya tətbiq edib.


















