Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir husilərin Səudiyyə Ərəbistanına qarşı davam edən hücumlarını, o cümlədən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına təşkil edilən ölümcül hücumu birgə bəyanatla pisləyiblər.
Dörd ölkənin təşkil etdiyi "R4 Qrupu" tərəfindən oktyabrın 11-də yayımlanan bəyanatda hücumların mülki şəxslərin həlak olmasına və yaralanmasına, mülki infrastruktur və obyektlərin zərər görməsinə səbəb olduğu bildirilərək, bunun beynəlxalq hüququn açıq-aşkar pozulması olduğu vurğulanıb.
Bəyanatda hücumların "Səudiyyə Ərəbistanının suverenliyinin və ərazi bütövlüyünün ağır şəkildə pozulması olduğu, ölkənin təhlükəsizliyinə, sabitliyinə və mülki əhalinin təhlükəsizliyinə birbaşa təhdid yaratdığı" ifadə edilib.
Dörd ölkə hücumları "heç bir əsasla haqq qazandırıla və qəbul edilə bilməyəcək təhlükəli gərginlik" kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanı ilə həmrəyliklərini bir daha bəyan edən ölkələr Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində hücumların qarşısını almaq, təhdid mənbələrini çəkindirmək və belə hücumların təkrarlanmasının qarşısını almaq məqsədilə Ər-Riyad rəhbərliyinin atacağı bütün qanuni addımlara tam dəstək verdiklərini bildiriblər.
Bəyanatda husilərin hücumların nəticələrinə, eləcə də regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən ehtimal olunan inkişaflara görə "tamamilə məsuliyyət daşıyacağı" qeyd olunub.
"R4 Qrupu" hücumların "dərhal və qeyd-şərtsiz dayandırılmasını" tələb edib.





















