Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 1 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsinin (GACA) bazar günü axşam saatlarında yaydığı bəyanatda həyatını itirən şəxsin Pakistan vətəndaşı olduğu, yaralıların isə xəstəxanaya yerləşdirildiyi təsdiqlənib. Bildirilib ki, hücum hava limanında maddi ziyana da səbəb olub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasından verilən məlumata görə, hava limanının 4-cü terminalına naməlum obyekt düşərək yanğına səbəb olub.
Koalisiya qüvvələri hücuma görə Yəməndəki husi milislərini günahlandıraraq, hadisəni beynəlxalq humanitar hüququn kobud pozulması kimi qiymətləndirib və adekvat cavabın veriləcəyini bəyan edib.
Ölkənin şərqindəki Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanı və neft obyektinin də hədəf alındığı bildirilir. Səudiyyə Ərəbistanı Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində husilərə məxsus bir pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.






















