İsrail ordusunun Qəzza zolağında atəşkəsə baxmayaraq davam etdirdiyi hücumlarda daha bir fələstinli həyatını itirib.
Fələstinin rəsmi WAFA agentliyində yer alan xəbərə görə, İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrindəki mülki ərazilərə qarşı hücumlarını və evləri partlayıcılarla havaya uçurmağı davam etdirib.
İsrailin gecə saatlarında Qəzza şəhərinin qərb hissəsindəki Şeyx Rıdvan məhəlləsinə təşkil etdiyi hücumlarda 6 nəfər yaralanıb, bu şəxslərdən Mahmud əl-Mədhun həyatını itirib.
Xəbərdə İsrail ordusunun Qəzza şəhərinin şərq hissəsində də uzaqdan idarəetmə ilə bir çox evi partladaraq yerlə-yeksan etdiyi bildirilib.
İsrail əsgərlərinin Qəzza zolağının mərkəzi hissəsindəki Bureyc qaçqın düşərgəsinə ağır silahlarla atəş açdığı vurğulanan xəbərdə Qəzza zolağının cənubundakı Rəfah şəhərində isə həm dənizdən, həm də helikopterlərdən atəş açıldığı ifadə olunub.
Xəbərdə İsrail ordusunun Rəfah və Xan Yunis şəhərlərində məcburi köçkün düşmüş fələstinlilərin məskunlaşdığı çadırlara da atəş açdığı qeyd edilib.
Qəzzadaki Fələstin Səhiyyə Nazirliyinin məlumatlarına görə, İsrailin 10 oktyabr 2025-ci ildə atəşkəsin qüvvəyə minməsindən bəri həyata keçirdiyi hücumlarda 1 505 fələstinli həyatını itirib, 5 332 nəfər isə yaralanıb.
İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında davam etdirdiyi soyqırımda isə indiyədək 74 mindən çox fələstinli həyatını itirib, 175 mindən çoxu yaralanıb.





















