Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, Rusiya qüvvələrinin Kiyev vilayətinin Obuxov rayonundakı istehsal və saxlama obyektinə endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Hadisə yerində baş verən yanğın söndürülüb, axtarış-xilasetmə işləri davam etdirilir.
Xidmət həmçinin Xarkov vilayətinin İzyum şəhərinə dron hücumu nəticəsində 5 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın logistika və liman infrastrukturuna, eləcə də hərbi yük daşıdığı iddia edilən gəmilərə zərbələr endirdiyini açıqlayıb.
Məlumata görə, Xmelnitski və Koveldəki nəqliyyat-logistika mərkəzləri, eləcə də Reni və Odessa limanlarında hərbi yük boşaldan və ya limana doğru hərəkət edən yük gəmiləri hədəf alınıb.
Bundan başqa, nazirlik gecə ərzində Rusiyanın 15 regionu üzərində Ukraynaya məxsus 136 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu irəli sürüb.


























