Fransanın şimal-şərqindəki Mört və Mözel (Meurthe-et-Moselle) departamentində "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb, nəticədə bir nəfər həlak olub.
Fransa Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, qırıcı dünən yerli vaxtla saat 22:40 radələrində Rocvil (Rogeville) şəhəri yaxınlığında qəzaya uğrayıb. "Nansi-Oşey 133" hava bazasına aid eskadrilyaya məxsus qırıcı təlim tapşırığından qayıdarkən qəzaya uğrayıb.
Məlumata görə, təyyarənin göyərtəsində iki nəfər olub. Aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində bir nəfərin cəsədi tapılıb, onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı məhkəmə və hərbi təhlükəsizlik orqanları tərəfindən təhqiqat başladılıb.






















