"SpaceX" şirkətinin "Bandwagon-5" missiyası çərçivəsində kosmosa göndərilən Türkiyənin yeni peyki uğurla orbitə yerləşdirilib.
"Baykar" şirkətinin verdiyi məlumata görə, "Fergani Space Technologies" tərəfindən milli imkanlarla hazırlanan peyk buraxılışdan təxminən 63 dəqiqə sonra — Türkiyə vaxtı ilə saat 15:07-də raketdən ayrılaraq 590 kilometr yüksəklikdəki orbitinə daxil olub.
"Baykar" idarə heyətinin sədri Səlcuq Bayraqdarın təsis etdiyi "Fergani Space Technologies" şirkəti bildirib ki, "FRG-100D4" peyki bir sıra texnoloji yeniliklərlə təchiz edilib.
Peykin idarə olunan günəş panelləri, batareya bloku, fazalı massiv antenası və digər vacib texniki hissələri tamamilə yerli imkanlarla istehsal edilib. Bunlardan başqa, peyk mürəkkəb tapşırıqları yerinə yetirmək üçün süni intellektlə çalışan kompüterlə təchiz olunub.























